Deputat “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda məruzə edib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ucar və Zərdabda “İslam Həmrəyliyi İli” və 15 sentyabr – Bilik günü münasibətilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda tədbir keçirib.
Yenicag.az xəbər verir ki, hər iki rayonda təşkil edilən tədbirlərdə Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda məruzə edib. Millət vəkili vurğulayıb ki, tarixi zərurət və ümumxalq istəyi nəticəsində yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, nəinki doğma Azərbaycanımızda dini konfessiyalar arasında həmrəyliyə nail olmaq, həmçinin bütün İslam dünyasını həmrəylik, qarşılıqlı hörmət əsasında bir araya gətirmək üçün titanik fəaliyyət göstərib.
Deputat qeyd edib ki, respublikamızda din və etiqad azadlığı tam təmin olunub, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər imkanlar yaradılıb. Ulu Öndər milli, dini dəyərlərimizin qorunmasında və möhkəmləndirilməsində, tolerantlığın və multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasında misilsiz nəzəri və əməli xidmətlər göstərib. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi məhz ölkəmizdə tarixən formalaşan bəşəri dəyərlərdən qaynaqlanır.Deputat Jalə Əliyeva bildirib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə sabitlik əldə olunub, davamlı sosial-iqtisadi islahatlar reallaşdırılır, geniş quruculuq işləri aparılır. Kəndlər abadlaşır, müasir infrastruktur yaradılır.
Digər sahələrlə yanaşı, təhsilə göstərilən dövlət qayğısından da söz açan J.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti nəticəsində mümkün olub. Dövlətimizin başçısı hazırda bu siyasəti uğurla davam etdirir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
www.yenicag.az