Milli Məclisdə qəbiristanlıq mübahisələri: “Yasın xərci toya bərabər olub”

Qəbiristanlıqlarla bağlı məsələlərin bələdiyyələrin funksiyalarına daxil edilməsi parlamentdə ciddi mübahisələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilmiş plenar iclasında “Bələdiyyələrin statusu haqqında” təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

Nəzərdə tutulan dəyişikliklər arasında qəbiristanlıqlara qulluq, o cümlədən, aztəminatlı ailələr üçün dəfn və yas mərasimlərinin xərclərinin bələdiyyələr tərəfindən ödənilməsinə dair müddəalar xüsusilə seçilib.

Məsələ ətrafında çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, bələdiyyələrin mövcud büdcələrinin azlığı, əlavə maliyyə mənbələrinin olmaması yerli özünüidarə orqanlarının qəbiristanlıqlara qulluq etmək və həmin məkanların abadlığı ilə məşğul olmağa imkan vermir:
“Belə olan vəziyyətdə bələdiyyələrin bu işləri həyata keçirməsini tələb etmək nə dərəcədə doğrudur? Əgər qeyd olunan işləri bələdiyyələrin funksiyasına daxil etsək, gərək onlar üçün əlavə maliyyə mənbələrinin yaradılması barədə də düşünək”.

Deputat Siyavuş Novruzov isə diqqəti aztəminatlı ailələrin yas xərclərinin bələdiyyələrin üzərinə qoyulmasının münasib olmamasına yönəldib:
“Bəli, dəfn xərclərini qarşılamaq üçün bələdiyyələr aztəminatlı ailələrə yardım göstərə bilərlər. Ancaq gəlin razılaşaq ki, bələdiyyələr həmin kateqoriyadan olan ailələrə yas xərclərini ödəməyə kömək etmək iqtidarında deyil.

Allaha şükür, elə bir dövrə gəlib çıxmışıq ki, yas mərasimlərinin xərci toya bərabər olub. Bələdiyyələrin belə bir imkanının olmaması nəzərə alınaraq qanuna ediləcək dəyişikliklərdə “yas mərasimi” sözlərinin çıxarılması məqsədə uyğundur”.

Müzakirələrə qatılan digər deputatlar da bu təklifləri dəstəkləyiblər.

A.Zeynalov

COP29