“Mövzu tapmayanda çox əcaib bir üsula əl atırlar”

media-hightechnic-468x90

azayquliyev3(2)Millət vəkili, Prezident yanında QHT-lərə Dəstəyi Şurasının sədri Azay Quliyevin müsahibəsi:

– Azay müəllim, məlum odluğu kimi, bir qrup insan haqları təşkilatları Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə açıq məktub göndərib ki, azərbaycanlı siyasətçilərə sanksiyalar təqdim olunsun. Nədir məqsəd?

– Biz bundan təəccüblənməməliyik. Çünki, Azərbaycan bu cür ciddi tədbirlərə ev sahibliyi etdiyi zaman belə təşəbbüslər, kampaniyalar, Azərbaycan əleyhinə təxribat xarakterli hərəkətlərin şahidi olmuşuq. Bu baxımdan bu bizim üçün gözlənilməz deyil. Təəssüflər olsun ki, bu cür adamlar bəlli qruplar tərəfindən istismar olunur, idarə olunur. Bunlara sadəcə olaraq, sözüm odur ki, sizin nə deməyinizdən və etməyinizdən asılı olmayaraq, Azərbaycanın öz dəqiq inkişaf xətti var. Azərbaycanın inkişaf xətti kifayət qədər açıq və şəffafdır. Bu ciddi vətəndaş cəmiyyəti quruculuğu, demokratik siyasətin bərqərar olunması, sosial ədalətin təmin edilməsi, Azərbaycanın bu istiqamətlərdə inkişafının tam şəkildə təmin olunması və onun dünya ictimaiyyətinə inteqrasiya olunaraq tam hüquqlu bir üzvünə çevrilməsidir. Bu Azərbaycan prezidenti cənab İlham Əliyevin Ulu öndər tərəfindən əsası qoyulmuş baza ətrafında həyata keçirilən bir siyasətdir. Bütün bu qarayaxmaların da səbəbi ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycan öz maraqlarını heç bir dövlətə qurban vermir. Nəzər yetirsək görərik ki, regionda nə qədər çevik proseslər baş verir. Bütün bu geosiyasi dəyişikliklərin içində Azərbaycan dövləti sağ-salamat çıxa bilirsə və bu gün ən ağıllı qərarlar qəbul olunaraq, Azərbaycanın bu gün çıxarları gözlənilirsə, əlbəttə ki, bundan narahat olan adamlar olacaqdır. Biz hamımız bilməliyik ki, Ermənistan və onun havadarları təkcə Azərbaycanın ərazisini işğal etməklə işlərini yekunlaşdırmayıblar. Onlar indi bu işğalı yeniləmək üçün bütün hallarda Azərbaycanla informasiya savaşı aparırlar. Azərbaycanı gözdən salmağa çalışırlar. Onlar Azərbaycanda müxtəlif cəbhələrdən zərbə vurmaq istəyirlər. Onlar yeni bir cəbhə açaraq, Azərbaycandakı insan hüquqlarını istismar etməklə, orda olan adi məsələləri şişirərək böyük bir kampaniyaya çevirməklə Azərbaycanı gözdən salmağa çalışırlar. Təəssüflər olsun ki, bu çirkin kampaniyada bizimkilər də rol alırlar. Bilərəkdən bilməyərəkdən həmin şəxslər erməni lobbisi tərəfindən idarə olunan dairələrin dəyirmanına su tökürlər. Amma, biz bunu bilirik və buna hazırıq. Cənab prezidentimiz bununla bağlı dəfələrlə bəyan edib ki, Azərbaycan öz doğru yolu ilə gedir və gedəcək də…
Biz I Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Azərbaycan növbəti bir tarixə qızıl hərflərlə öz adını yazacaq. Hesab edirəm ki, bununla da Azərbaycan xalqının beynəlxalq aləmdə imici bir daha güclənəcəkdir.

– Hətta, bəziləri buna təmizləmə siyasəti də deyir… Belə ki, bu həm insanlarda, həm də heyvanlarda özünü büruzə verir. Bu nə dərəcədə həqiqət sayıla bilər?

– Onlar qeyri-ciddi bəyanatlar və yanaşmalardır. Bununla bağlı, biz dəfələrlə bəyanat vermişik ki, hər bir halda, Azərbaycanda həyata keçirilən məhkəmə istintaq işləri şəffaf və açıqdır. Əgər kimsə hər hansı məhkəmə istintaq işi ilə bağlı, ya da hüquq-mühafizə orqanları, Baş Prokurorluğun həyata keçirdiyi fəaliyyətlə bağlı fikrini açıq şəkildə bildirə bilər. Bunu biz daim ictimai müzakirələrdə də deyirik. Azərbaycanın qanunları var və qanunları pozan şəxslərə qarşı nəzərdə tutulan konkret addımlar var. Əgər kimsə maliyyə pozuntusuna, Azərbaycanın milli maraqlarına uyğun olmayan və qanunvericiliklə qadağan olunan hərəkətlərə yol verirsə, bunlar əlbəttə ki, qanun qarşısında cavab verməli olurlar. Hansı ölkədə immunitet var? Hansı ölkədə vergidən yayınmağa görə və yaxud da külli miqdarda Azərbaycanın maliyyə vəsaitlərini mənimsəməyə görə bağışlanmaq var? Ona görə də, bunların hamısı bizim üçün bəllidir.
O ki qaldı heyvanlarla bağlı məsələyə, mən bunu mətbuatdan eşitdim və doğrudan da, çox absurd bir şeydir. Hansısa bir heyvana qarşı guya ki, Azərbaycanda təmizləmə siyasəti gedir. Görünür, bəzi adamların insanlarla bağlı etdikləri qarayaxma kampaniyasının nəticəsi yoxdur, artıq heyvanlara keçiblər. Biz bunu soyuqqanlılıqla qarşılamalıyıq…

– Müsavat partiyası da I Avropa Oyunlarının boykotu ilə bağlı açıq şəkildə çağırış etdi. Ölkə daxilində olan bu cür bir partiyanın bu hərəkəti nəyə işarədir?

– Siyasi arenada uğur qazana bilməyənlər, artıq xalqın etimadını itirənlər, mövzu tapmayanda çox əcaib bir üsula əl atırlar. Bu etməklə nə qazanacaqsınız? Xalqın nifrətindən başqa axı nəyə nail olmaq olar bunu etməklə? Hansı azərbaycanlıdan soruşsan ki, Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsindən məmnunsunuzmu? Əlbəttə ki, məmnun olduqlarını deyərlər. İstənilən Azərbaycanı sevən şəxs bundan yalnız sevinə bilər. Mən Avropaya tez-tez səfər edən bir şəxs kimi deyə bilərəm ki, “Eurovision” mahnı müsabiqəsindən sonra hansı Avropa ölkəsində olursansa, avropalı ilə söhbət edən zaman azərbaycanlıyam deyəndə, Bakını təmsil edirəm söyləyəndə dərhal insanı tanıyırlar ki, biz artıq bilirik ki, Azərbaycan böyük bir mahnı müsabiqəsinə ev sahibliyi edib. Bilirsiniz ki, “Eurovision” mahnı müsabiqəsi zamanı 1 gündə 800 milyon insan “Google”da Azərbaycanla bağlı axtarış vermişdi. Azərbaycan haqda öyrənmək istəmişdilər. Bunu etmək üçün illərlə gün və milyardlarla pul lazımdır ki, Azərbaycan tanınsın. Azərbaycan bu gün Avropa ilə Asiyanın arasında yerləşən kiçik bir ölkədir. Kifayət qədər asan münasibət qurmayan qonşuları var. Bu gün ölkəmizlə bağlı unutmayaq ki, ermənilər neçə illərdir çirkin kampaniya aparırlar. Bu kampaniyanı yarıb keçmək çox böyük bir işdir. Bunu boykota yox, əksinə yüksək səviyyədə keçirilməsini təbliğ etmək lazımdır. Hesab edirəm ki, bu cür çağırışlar heç bir halda Azərbaycanın milli maraqlarına cavab vermir. Bunu edənlər artıq özləri düşünsünlər ki, nə qazana biləcəklər, məncə heç nə əldə edə bilməyəcəklər…

– Bəlkə qarşıdan gələn parlament seçkiləri üçün gözdən pərdə asırlar?

– Bəzi qruplar təəssüf ki, gündəmdə qalmaq üçün ən müxtəlif siyasi kampaniyalar əl atırlar. Əlbəttə, bu onların hüquqlarıdır. Azərbaycanda fikir və söz azadlığı var. Azərbaycanda siyasi institutlar kifayət qədər geniş imtiyazlara malikdir. Amma bir vətəndaş kimi, bu məndə mənfi assosasiya yaradır. Bu addım vətəndaşlar tərəfindən rədd olunub və belə də olacaqdır. Əgər həqiqətən də, sən seçicilərin rəğbətini qazanmaq istəyirsənsə, onda bunun üçün kifayət qədər başqa üsullar var. Bunun üçün konkret olaraq, ölkəmizin inkişafı ilə bağlı yeni proqramlar işləyib təqdim etmək lazımdır. Bununla da seçiciləri cəlb etmək mümkündür. Buna görə də, mən bunu siyasi cəhətdən perspektivsiz cəhdlər hesab edirəm.

– Parlament seçkiləri yaxınlaşır… Bir deputat olaraq, öz həmkarlarınıza seçicilərin səsini qazanmaq üçün nə tövsiyə edərdiniz və özünüz bu sahədə nələr edirsiniz?

– Mənim üçün seçki müddəti mən seçildiyim gündən başlayır. Mən seçildiyim gündən hər zaman seçicilərimlə təmasda olmuşam. Çünki heç bir halda, əgər mən namizədliyimi növbəti illərdə vermək haqqında qərar qəbul etsəm, düşünmürəm ki, məhz elə seçki ərəfəsində işlər görmək lazımdır. Əslinə baxanda bu gün Azərbaycanda məsuliyyətli və seçicilərin maraqlarını müdafiə edən deputatların sayı az deyil. Hər bir millət vəkili hər zaman düşünməlidir ki, onu gözləyən seçicisi var. O seçicisinin problemlərinə ən azı laqeyd qalmamalıdır. Əlbəttə, bu gün deputat hər bir problemi həll edə bilmir. Amma ən azından deputatın vəzifə borcudur ki, öz seçicisini qəbul etsin və onu dinləsin. Ən azı ona heç olmasa mənəvi baxımdan dəstək versin. Mən çox məmnunam ki, seçildiyim Şirvan şəhərindən indiyə qədər hər hansı bir seçici deputat qəbuluna düşmək, onunla təmasda olmaq kimi bir problemlə rastlaşmayıb. Çox məmnunam ki, mənim seçicilərim məni haradasa axtarmayıblar. Sevinirəm ki, ən azı ayda 1 dəfə seçicilərimlə təmasdayam, görüşürəm, onların fikirlərini öyrənirəm. Əlbəttə ki, deputat təkcə öz seçiciləri ilə, öz dairəsində işləməməlidir. O həm də, Azərbaycanın deputatıdır. Azərbaycanın milli maraqlarına uyğun olaraq işlərini həyata keçirməlidir. Həmkarlarıma da tövsiyəm odur ki, bütün hallarda seçiciləri ilə səmimi olmaq və onların qayğğısına qalsınlar(azadinform.)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600