Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər tarixi əhəmiyyəti ilə yanaşı, bir sıra xüsusi məqamlarla yadda qaldı.
Bu məqamlardan ən önəmlisi isə bütün ərazisində suverenliyini bərpa etmiş Azərbaycanda keçirilən seçkilərdə pozucu fəaliyyətlərin daha çox nəzərə çarpması oldu.
Seçki başlayan dəqiqədən etibarən “pozuntu” barədə danışan, “pozuntu” aşkarlanması üçün ekstra güc sərf edən müxalifət nümayəndələri və ya hansısa “müstəqil” təşkilatların üzvləri provokativ davranışlar sərgiləyərək seçki prosesinin gedişatına əngəl olmaq üçün əllərindən gələni əsirgəməyiblər.
İki sözündən ikisi də “pozuntu” olan bu şəxslərin özləri ciddi qanun pozuntularına yol verərək ictimaiyyəti yanlış yönləndirmə yolu tutublar. Sosial mediada paylaşılan başlanğıcı, sonu, tarixi bilinməyən videolar, ictimai rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlayan xaricdən maliyyələşən “media” qurumları xüsusi canfəşanlıq edərək tarixi əhəmiyyətə malik seçkinin nəticəsini, xalqın seçimini kölgə altına almaq üçün ciddi-cəhdlə səy göstərir.
Ancaq məqsədi bəlli olan bu qaragüruh öz cinahlarından olanların törətdikləri əməllər və pozuntular barədə “üç meymun”u oynayır, göz yumur. 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Vəfa Nağı və yaxınlarının seçkinin gedişatını pozmağa yönəlik hərəkətləri, digər namizədlərin vəkil və nümayəndələrinə şiddət göstərilməsi, 8 saylı Binəqədi seçki dairəsinin 30 saylı məntəqəsində “Müsavat” Partiyasının nümayəndəsinin müşahidəşini boğması kimi hallar nədənsə onların diqqətindən “qaçır”. Heç şübhəsiz, məqsədləri “müxalifətçilik” olmayan bu şəxslərin əsl niyyətləri təxribat törətmək, ictimai rəyi yanıltmaqdır. Hər halda, onların bu məqsədlərini anlayan xalqın ən layiqli cavabı da elə seçki nəticələri açıqlandığı zaman üzə çıxacaq.
www.yenicag.az