Nazirdən gözlənilməz açıqlama: “Əgər proseslər bu cür davam etsə…”
“Əgər proseslər bu cür davam etsə, İran TANAP-a qoşula bilər”
“Gələcəkdə İran Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) qoşula bilər. İran öz qazını TANAP-la yanaşı, başqa yollarla da Avropaya ixrac edə bilər”.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda keçirilən “Caspian Oil and Gas 2015” konfransında bildirib.
Nazirin sözlərinə görə, “əgər proseslər bu cür davam etsə, İran TANAP-a qoşula bilər” və öz qazını Avropaya çıxarmaq imkanı əldə edər.
“Biz dəfələrlə şahidi olmuşuq ki, ABŞ Azərbaycanın enerji layihələrini dəstəklədiyini elan edib. Avropa İttifaqı da Azərbaycanın və digər Xəzəryanı ölkələrin neft-qaz layihələrini dəstəkləyir. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç tez-tez bizim tədbirlərdə iştirak edir, daim bizə öz dəstəyini göstərir. Bununla yanaşı, o, Türkmənistan qazının Avropaya nəqli üçün də öz dəstəyini əsirgəmir”, – deyə nazir bildirib.
N. Əliyev qeyd edib ki, böyük enerji resurslarına malik olan İraq da Azərbaycanla əməkdaşlıqda maraqlıdır və Avropanın enerji təhlükəsizliyinin artırılmasında böyük rol oynaya bilər.
Nazir bildirib ki, İsrail və Kipr də öz qazını Azərbaycanın infrastrukturundan istifadə etməklə Avropaya ixrac edə bilər: “Biz İsrail və Kiprlə də danışıqlar aparmışıq. Onlar da gələcəkdə Türkiyə ərazisindən keçən Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyirlər”.
Türkiyə və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.
TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti – 58%, BOTAŞ – 30%, BP – 12%.