Norveç ilk dəfə bu yola əl atdı
Neftin qiymətinin aşağı düşməsi Norveç hökumətini milli rifah fondunun ehtiyatlarından istifadə etməyə məcbur edir. Bloomberg agentliyi bu barədə Norveç Mərkəzi Bankının icraçı direktoru İnqve Slinqstadın məlumat verdiyini bildirib.
Yenicag.az azertac-a istinadən xəbər verir ki, fondun həcmi neft-qaz sahəsindəki vergilər hesabına yığılan 900 milyard dollar səviyyəsində qitmətləndirilir. Milli rifah fondunun orta gəlir vəsaiti ildə 4 faiz təşkil etsə də, bu il artım gözlənilmir.
Neft qiymətlərinin aşağı düşməsi səbəbi ilə Norveç hökuməti 2015-ci ildə fondun 3 faizindən, yəni rekord həcmdə – 21,8 milyard dollardan istifadə etmək fikrindədir. Slinqstadın verdiyi məlumata görə, bu ilin birinci rübünün nəticələrinə əsasən fonda köçürmələr son 16 il ərzində ən aşağı səviyyədə – cəmi 662,5 min dollar həcmində qeydə alınıb.
Neft-qaz sahəsi Norveçin ümum daxili məhsulunun 25 faizini təşkil edir. Ölkə hakimiyyəti enerji resurslarının ucuzlaşmasının mənfi təsirini azaltmaq üçün uzun illərdir ki, planlı şaxələndirilmiş iqtisadi siyasət aparır. Milli rifah fondu da məhz bu məqsədlə yaradılıb.
Bununla yanaşı, hökumət mayın 12-də büdcəyə yenidən baxmaq qərarına gəlib. Sorğunun nəticələri Norveçdə işsizliyin 2006-cı il səviyyəsinə qalxdığını və 4,1 faizə çatdığını göstərib. Mövcud iqtisadi vəziyyəti yaxşılaşdırmaq, həmçinin ölkənin gələcəyi üçün investisiya trendi təklif etmək üçün hökumət balanslaşdırılmış yol tapmalıdır. Bu səbəbdən də o, hərtərəfli təzyiqlərlə üzləşir.