Öncə Qarabağ, sonra Avrasiya İttifaqı! – Politoloq Elman Nəsirli

media-hightechnic-468x90

download (71)Zərdüşt Əlizadə: “Rusiya MDB ölkələrini asıllıqda saxlamaq istədiyindən, heç zaman Qarabağ probleminin həllinə razı olmaz”

Elman Nəsirli: “Avrasiya İttifaqı məsələsinə o zaman baxıla bilər ki, Ermənistan işğalın nəticələrini aradan qaldırsın”

Mətbuatda belə fikirlər səslənir ki, Azərbaycan Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlar geri qaytarıldığı təqdirdə Avrasiya İttifaqına üzv ola bilər. Qeyd edək ki, Rusiya hər vəclə çalışır ki, Azərbaycan da bu ittifaqda təmsil olunsun. Görəsən Azərbaycanın sözügedən ittifaqa daxil olması ilə Qarabağın geri qaytarılması məsələsi nə dərəcədə realdır? Ara sıra mətbuatda belə düşüncələr də yer alır ki, Rusiya Azərbaycanın orada olmasına nail olmaq üçün İrəvana təzyiqlər də edə bilər. Amma aydındır ki, Qarabağ problemini Rusiyanın varisi olan SSRİ yaratmışdı. İndi onun sələfi Azərbaycanı Avrasiya İttifaqına dəvət edir və qarşılığında Qarabağı vəd edir.

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə Avrasiya İttifaqına daxil olmağımızla işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına inanmır: “Qarabağ münaqişəsinin əsl mahiyyəti Ermənistanla Azərbaycanı Rusiyadan asılı vəziyyətdə saxlamaqdır. Rusiya heç zaman bu asıllığın aradan qaldırılmasını istəməz. İstəmədiyindən də heç zaman bu problemin həllinə razı olmaz. Rusiya sadəcə istəyir ki, bu iki ölkə onun tabeliyində olsun, amma Qarabağ məsələsi həll olunmasın”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli YENİCAG.AZ-a bildirib ki, Azərbaycan yalnız işğal olunmuş torpaqlar azad olunduğu təqdirdə, Avrasiya İttifaqına üzvlük məsələsinə baxa bilər: “İstənilən inteqrasiya prosesi və bütövlükdə atılan istənilən addım Azərbaycanın milli maraqlarına uyğun olmalıdır. O nöqteyi-nəzərdən Azərbaycan MDB və bir çox digər beynəlxalq təşkilatların üzvüdür. Ölkəmizin Rusiyanın müəllifi olduğu Avrasiya İqtisadi İttifaqı məsələsinə hazırki vəziyyətdə yanaşması ora daxil olmağın hələlik gündəmdə olmaması formasındadır. Ona görə mövqeyimiz belədir ki, həmin təşkilata üzvlük ölkəmizi Ermənistanla iqtisadi əlaqələrə daxil olmağa məcbur edəcək. Bu halda işğalçı dövlətlə iqtisadi münasibətdə olmalıyıq. Bu məsələyə o zaman baxıla bilər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkərək, onun nəticələrini aradan qaldırsın. Yalnız bundan sonra yeni reallıq əmələ gəlir. Bu yeni reallıq fonunda da Azərbaycanın Avrasiya İttifaqı məsələsinə baxması mümkün ola bilər. Əslində Moskva da Azərbaycanın bu layihəyə xüsusi maraq göstərmədiyinin mahiyyətini başa düşür. Hər şey öz yerini tapmalıdır. Rusiya Azərbaycanı bu ittifaqda görmək istəyirsə, onun burada görünməsinə maneə ola biləcək səbəbləri aradan qaldırmalıdır”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600