“Özbaşına atılan addımlar, tətbiq edilən reseptlər uyğun sayılmır, əksinə, bu, insan orqanizmi üçün çox ciddi təhlükədir”.
Bu fikirləri çəki artırmaq və ya atmaq üçün müxtəlif yollara əl atmağın zərərlərindən danışan sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, çəki azaltmaq, yaxud artırmaq individualdır:
“Son günlər sosial şəbəkələrdə, qruplarda bəzi şəxslər çəki artırmaq və ya azaltmaq üçün müxtəlif marafonlar təşkil edirlər. Mənim bu cür çəki artırma, ya da azaltma marafonlarına yanaşmam mənfidir. Bu, düzgün addım sayılmır. Ona görə ki çəki azaltmaq, yaxud artırmaq individualdır. Bunun ən düzgün yolu çəki artırmaq, yaxud azaltmaq istəyən insanlarla danışmaq, yan xəstəliklərini yoxlamaq və o şəxslərin müəyyən analizlər verməsidir. Həmin analizlərin nəticəsinə görə həmin şəxsə çəki azalda, yaxud artıra biləcəyi ilə bağlı məlumat verilir. Əlbəttə ki, özbaşına atılan addımlar, tətbiq edilən reseptlər uyğun sayılmır, əksinə, bu, insan orqanizmi üçün çox ciddi təhlükədir. Digər tərəfdən, özbaşına arıqlama çayları, dərmanlar qəbul etmək qəti qadağandır. Ümumiyyətlə, diyetoloq nəzarəti olmadan sözügedən yolları həyata keçirmək və marafona qoşulmaq məqsədəuyğun deyil”.
İsmayıl Bakuvi
www.yenicag.az