Paşinyan Rusiyadan qopur? – Moskva görüşünün PƏRDƏARXASI
“Paşinyan Rusiyaya seçim üçün getmişdi: Ya Rusiya ilə, ya da Rusiyasız…”
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Rusiyada keçirilən görüşün pərdəarxası məqamlarını geniş izah edib:
“Nikol Paşinyanın 7 iyunda Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Moskvaya səfəri hər tərəfdən diqqətlə izlənilsə də, ilkin olaraq Azərbaycanın mövqeyini qeyd etmək lazımdır. Azərbaycan qalib tərəfdir və indikindən daha çox, bundan sonrakı proseslərin gedişatında maraqlıdır. Yəni, diqqət Ermənistanın daxili proseslərinə və ya onun müxtəlif tərəflərlə münasibətlərinə deyil, daha çox ümumi regional inkişaf dinamikasına yönəldilib.
Təbii ki, görüş müxtəlif platformalarda fərqli şəkildə analiz edilir. Rus mətbuatı hadisəyə bir cür yanaşırsa, Ermənistan tərəfinin ritorikanı qızışdırmamağa çalışdığı müşahidə olunur. Əsas məqamlardan biri isə odur ki, Vladimir Putin Paşinyanı asan olmayan seçim qarşısında qoydu. Görünən odur ki, Ermənistanın baş naziri Moskvadan müəyyən etimad “avansı” aldığı ümidi ilə geri dönür. Putin açıq şəkildə bildirdi ki, rəsmi İrəvan seçim etməlidir: Moskva ilə inteqrasiya əlaqələrini davam etdirəcək, yoxsa Avropa istiqamətinə yönələcək?
Analitiklərin fikrincə, Paşinyanın Moskvaya səfərinin müxtəlif səbəbləri olsa da, əsas məsələ Ermənistanın bundan sonra Rusiya ilə, yoxsa onsuz davam edəcəyidir. Bu sualın cavabı isə indi tapılmayacaq; bütün tərəflər imkanları maksimum dərəcədə sınağa çəkəcəklər. Diqqət çəkən məqamlardan biri də Putinin uzun müddətdən sonra geniş çıxış etməsi idi. O, əlindəki qeydlərə əsaslanaraq, görüşün qapalı hissəsinə keçməzdən əvvəl tezislərini xüsusi vurğuladı və Rusiya ilə əməkdaşlığın saxlanması üçün ciddi arqumentlər irəli sürdü. Paşinyan isə sakit şəkildə dinləyir, ara-sıra qeydlər aparırdı”.
Ş. Həsənova qeyd edib ki, Rusiya lideri tərəfindən Paşinyana Moskvanı itirməyin yaradacağı nəticələr izah edilib:
“2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 11 milyard dollara çatacağı qeyd edildi. Halbuki əvvəl bu göstərici 6,4 milyard dollar idi və artımda əsas pay kənd təsərrüfatına düşür. Əgər Ermənistan Avropa ilə inteqrasiyaya üstünlük versə, Rusiya bazarındakı mövqelərini itirə bilər. Çünki həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi çərçivəsində paralel gömrük siyasəti yürütmək mümkün deyil. Putin də bunu yalnız siyasi deyil, iqtisadi baxımdan qeyri-mümkün bir fakt kimi izah etdi.
Enerji məsələsinə toxunan Putin bildirdi ki, Avropa İttifaqına rus qazının qiyməti təxminən 600 dollara çatdırıldığı halda, Ermənistan üçün bu rəqəm 177,5 dollar təşkil edir. Bu fərq görüşdə Ermənistan üçün mühüm üstünlük kimi təqdim olundu. Bu mesaj Ermənistan baş nazirinə və bütün qərbmeyilli siyasətçilərə açıq şəkildə çatdırıldı”.
Politoloq Rusiya liderinin Qarabağ mövzusunda Paşinyanın diqqətinə çatdırdığı vacib mesajlara da toxunub:
“KTMT məsələsinə gəldikdə isə, Paşinyan bir neçə dəfə bu təşkilata qarşı narazılığını ifadə etmişdi. O, Qarabağ münaqişəsində müttəfiqlərin dəstək vermədiyini vurğulamışdı. Lakin Putin xatırlatdı ki, 2022-ci ildə Paşinyanın Praqada Qarabağın Azərbaycana məxsus olduğunu etiraf etməsindən sonra vəziyyət artıq aydın idi. Yəni, Paşinyan revanşistlərin seçki öncəsi hələ tam açıq şəkildə göstərilməyən mövqeyinin tam əksi olan bir yola getdi. Bu, daxili siyasi mətbəxdə tərəflərin üz-üzə qoyulması deməkdir.
Yaxın vaxtlarda Ermənistanda Avropa İttifaqı ilə əlaqəli mühüm sammitin keçirilməsi gözlənilir. Bu tədbir xüsusilə qərbmeyilli qüvvələr üçün əhəmiyyətlidir. Bununla yanaşı, Putin vurğuladı ki, seçkilərin nəticəsindən asılı olmayaraq Rusiya–Ermənistan münasibətləri davam edəcək. Bu isə o deməkdir ki, Moskva regionda təsir rıçaqlarını qorumaqda qərarlıdır.
Ermənistan getdikcə Rusiyadan uzaqlaşma meyli göstərsə də, mövcud hakimiyyət seçkilər ərəfəsində sərt ritorikadan qaçır. Putinin çıxışında isə rusmeyilli siyasi qüvvələrə dəstəyin açıq hiss olunduğunu vurğulamadan keçmək olmaz. Paşinyan həm də kifayət qədər “əyilməzlik” göstərdi və strateji seçimlərin yalnız Ermənistan vətəndaşları tərəfindən müəyyən edilməli olduğunu vurğuladı.
Bundan əlavə, Ermənistan hökuməti ölkədə fəaliyyət göstərən Rusiya şirkətlərinin aktivlərinin satılması istiqamətində addımlar atır. Bu aktivlərin əsasən Qazaxıstan şirkətlərinə ötürülməsi müzakirə olunur. Xüsusilə dəmir yolları üzrə konsessiya və elektrik sistemləri kimi strateji infrastruktur sahələri bu prosesə daxildir.
Seçki öncəsi dövrdə Paşinyanın müəyyən simvolik addımları – o cümlədən bayraqla bağlı jestləri Ermənistan ətrafında həm fiziki, həm də məcazi “divarların” qurulması kimi başa düşülməlidir. Yəni, istənilən qərar o hüdudların daxilində veriləcək. Bu, Ermənistan sərhədlərinin məhz bu əsasda yenidən leqallaşdırılması üçün xarici platformalarda da təsdiq edilməsi deməkdir. Paşinyanın ritorikası odur ki, bu xəritədən nə içəri keçə bilərsiniz, nə də bu sərhədlərin hüdudundan kənara çıxa bilərsiniz. Putinin Trampın proseslərdə iştirakını qeyd etməsi, bunun mənfi və ya müsbət olduğunu vurğulamadan keçməsi isə o deməkdir ki, Rusiya da artıq daha çox iqtisadi layihələrdə maraqlıdır, nəinki prosesləri yubatmaqda. Qalan məsələləri isə ya gedişatda, ya da sonrasında müəyyənləşdirməyə üstünlük verir”.
Nurlan Cəfəri













