Paşinyanın Putin qorxusu: Kreml seçkilərə müdaxilə edəcək? – ŞƏRH
“Paşinyan bu əsas şərtləri qəbul etməyə meylli olmadığından, Kreml də seçkiöncəsi strategiyalarından imtina etməyəcək kimi görünür”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri və həmkarı Vladimir Putinlə görüşünün pərdəarxası detallarını şərh edib.
Politoloq bildirib ki, Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində baş nazir Paşinyan rəsmi Moskvanın hakimiyyətə qarşı kiberhücumlar həyata keçirə biləcəyindən və radikal müxalif qüvvələri maliyyələşdirərək seçki prosesinə təsir göstərəcəyindən ehtiyat edir:
“Bu ehtimalların qarşısını almaq məqsədilə o, Putinlə görüşərək vəziyyəti izah etməyə və Kreml rəhbərliyini fərqli mövqeyə inandırmağa çalışacaq. Paşinyan düşünür ki, məğlubiyyətə uğrayacaq opponentlərə dəstək verməkdənsə, Moskva onunla əməkdaşlığı davam etdirməyi daha məqsədəuyğun saymalıdır.
Digər tərəfdən, Putin Ermənistan istiqamətində planlaşdırılan addımlardan geri çəkilmək üçün İrəvandan Rusiyanın bölgədəki geosiyasi maraqlarını nəzərə almağı tələb edə bilər. Lakin Paşinyan bu əsas şərtləri qəbul etməyə meylli olmadığından, Kreml də seçkiöncəsi strategiyalarından imtina etməyəcək kimi görünür. Məhz bu səbəbdən Paşinyanın Rusiyaya vaxtaşırı səfərləri və Kremlin rəhbəri ilə keçirdiyi müzakirələr ehtimal olunan təsirləri zəiflətmək və siyasi balansı qorumaq cəhdi kimi qiymətləndirilir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













