Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
Daha sonra təqsirləndirilən Hamlet Mustafayev ifadə verib.
O bildirib ki, Perinatal Mərkəz təsis olunduğu vaxt Anesteziologiya-reanimasiya və intensiv terapiya, eləcə də Yeni doğulmuşların terapiyası şöbəsi ayrı-ayrı şöbələr olub:
“Perinatal Mərkəz İcbari Tibbi sığortaya keçəndən sonra yeni işçilər gəldi və bir çox şöbələr birləşdirildi. Lakin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi ilə yeni doğulmuşların terapiyası şöbəsi birləşdirilmədi. Bölmənin işinin təşkilinə, eyni zamanda yanğın təhlükəsizliyinə cavabdeh şöbə müdüri olan Məryəm Rzayeva olub. Mən Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri idim. Yeni doğulmuşların terapiyası şöbəsi dördüncü mərtəbədə idi. Yanğın da orada baş verib. Mən indiyə kimi həmin şöbədə olmamışam. O şöbə ilə əlaqədar hər hansı bir tapşırıq da almamışam. Sözügedən şöbənin bölməyə çevrildiyini də daha sonra öyrəndim”.
Hamlet Mustafayevin sözlərinə görə, ona qarşı irəli sürülmüş ittihamda Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyinə əməl edilməməsi ilə bağlı aktına istinad edilib:
“Mənim bu kimi aktlardan xəbərim olmayıb. Bu mənim səlahiyyətimdə olmayıb, təsərrüfat müdiri cavabdeh olub”.
O, əlavə edib ki, işdən azad olunmasaydı, fəaliyyətinin 35 ili tamam olacaqdı. Hamlet Mustafayevin sözlərinə görə, onlar ana ölümlərinin qarşısının alınmasındakı təcrübələrini digər tibb müəssisələri ilə də bölüşüblər.
“2008-ci ildən işlədiyim dövrə qədər mərkəzdə ana ölümü qeydə alınmayıb. Dəfələrlə fəaliyyətimə görə, təltif olunmuşam. Perinatal Mərkəzdə baş verən yanğın imicimə ciddi zərbə vurub. Bu hadisənin təsirindən hələ də çıxa bilmirəm”, – deyə o bildirib.
Məhkəmənin növbəti iclası martın 17-ə təyin olunub.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
www.yenicag.az