Prezidentdən sərt xəbərdarlıq: “Vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır”

“Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident bildirib ki, həmin şəxslər vəzifədə olan dostlarına arxalanırsa, səhv yoldadırlar:

“Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur.
Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək”.

COP29