Badamdar-3 yaşayış massivində Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa olunan və açılışında dövlət başçısının da iştirak etdiyi 329 nomrəli orta məkəbin qarşısından keçən yol “Azərsu” ASC-nin həyata keçirdiyi “təmir” işləri nəticəsində yararsız vəziyyətə düşüb.
Bununla bağlı şikayətlərini Yenicag.az-a ünvanlayan ərazidə yaşayan sakinlərin sözlərinə görə, qeyd olunan məktəb yolunun qazılıb-sökülməsindən ən çox əziyyət çəkən məhz şagirdlərdir.Onlar bildiriblər ki, hətta yüngül yağışdan sonra palçıq gölməçələrinin yarandığı həmin yolda şagirdlərin məktəbə gedib-gəlmələri obrazlı desək, “ölüm-dirim savaşı”na dönür. Yolun vəziyyəti o dərəcədə bərbaddır ki, dərsə gedərkən küçədəki çuxurlara düşüb xəsarət alan şagirdlərin sayı da az deyil.
Maraqlıdır ki, sözügedən məktəbin direktoru həmin yolun təmiri üçün aidiyyatı qurumlara müraciət etməyə tələsmədiyindən, şagirdlərin daha nə qədər zülm çəkəcəkləri bilinmir.Valideynlər 329 nömrəli məktəbin Səbail Rayon İcra Hakimiyyəti ilə Elm və Təhsil Nazirliyi tərəfindən unudulduğunu deyirlər. Onlar əlavə ediblər ki, məktəbin yaxınlığında yaşayan Milli Məclisin deputatı Fatma Yıldırımlı hər gün bu acınacaqlı mənzərəni görsə də, problemin həlli üçün heç bir addım atmır.
Məktəb rəhbərliyi ilə kompetent məmurların laqeydliyindən əziyyət çəkən şagirdlər və onların valideynləri bu rəzalətə tezliklə son qoyulmasını tələb edirlər.
Ərazidən çəkilən fotoları təqdim edirik:
Cəvahir
www.yenicag.az