“Vəziyyətin həssaslığını nəzərə alaraq, bu barədə danışmaq üçün bir qədər gözləməyi lazım bildim”.
Bu fikirləri Yenicag.az-a müsahibəsində aktyor və rejissor Rza Rzayev deyib.
– Adınız uzun müddət məktəb direktoru ilə aranızda olan məlum qalmaqalda hallandı. Bu insidentin sonu necə oldu?
– Özüm istəmədən baş verən bu hadisə mətbuatda da geniş işıqlandırıldı. İş hazırda məhkəmədədir. Artıq bu işlə əlaqədar məhkəmənin iki iclası keçirilib və üçüncü iclas da təyin edilib. Növbəti addımlarımız isə məhkəmənin çıxaracağı qərardan asılı olacaq.
– Məhkəmə iddiası sizin tərəfinizdən qaldırılıb, yoxsa qarşı tərəfin?
– İddia bizim tərəfimizdən qaldırılıb. O hadisə necə baş vermişdi? Buna qısa aydınlıq gətirmək istərdim. Bildiyiniz kimi, həmin 220 saylı məktəb ölkədə kifayət qədər tanınan bir təhsil ocağı idi. Aydındır ki, istənilən qurumun cəmiyyətdə tanınmasında şəxsiyyətlər mühüm rol oynayır. Məsələn, ümummilli liderimiz Heydər Əliyev Azərbaycandan daha çox tanınmış insandır. Azərbaycanı dünyaya Heydər Əliyev tanıtdı və bunun da səbəbləri var. Heydər Əliyev SSRİ kimi nəhəng bir ölkənin rəhbərliyində idi, dünya miqyaslı siyasətçilərlə tanış idi və onlarla ünsiyyətdə olurdu. Ona görə də, Heydər Əliyev prezident seçildikdən sonra həm Azərbaycana beynəlxalq aləmdə münasibət dəyişdi, həm də dövlət daha çox tanınmağa başladı. Hətta SSRİ-nin çox yerində sadə insanlar Azərbaycanı tanımasalar belə, sovet adamları Heydər Əliyevi çox yaxşı tanıyırdılar.
Azərbaycanın yeni quruluşa transformasiyasından sonra yaranan yeni məktəblər o təhsil ocaqlarının rəhbərlərinin adı ilə tanınmağa başladılar. 220 saylı məktəb Almaz Ələsgərova ora direktor təyin olunana qədər ən aşağı göstəricilərə malik məktəblərdən biri idi. Almaz xanımın gəlişindən sonra o məktəb iki dəfə ölkə birincisi olub, direktor isə bu nailiyyətlərə görə əməkdar müəllim adı alıb. Mənim ailə üzvüm, 220 saylı məktəbin direktor müavini Zeynəb Rzayeva isə əməkdar müəllim adına namizəd olub, peşə fəaliyyəti ilə bağlı dəfələrlə mükafatlandırılıb. Əldə edilən bu uğurlardan sonra Almaz xanım irəli çəkilib və Təhsil Nazirliyində vəzifəyə təyin olunub. Onun yerinə isə Nərminə adlı xanım məktəbə direktor gətirilib. Nərminə xanım da uzun illərdi həmin məktəbdə müəllim işləyib, direktor vəzifəsinə keçirilən müsabiqədə yüksək bal toplayıb. Nərminə xanımın təyinatından sonra məktəbdəki müəllimlərdən ibarət bir qrup direktor olmağa can atan Aybəniz xanımın təhriki ilə Nərminə xanım haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinə yalan məlumatların göndərilməsi, məqsədli şəkildə onun gözdən salınması ilə məşğul olublar.
Bundan sonra Bakı Şəhər Təhsil İdarəsində işləyən və övladları da həmin məktəbdə təhsil alan Tural Mirzəliyev 220 saylı məktəbə direktor əvəzi təyin olunub. Turalın ora gətirilməsinə nail olan şəxslər isə təhsildə bir qrupdurlar, onların vaxtilə hansı məktəblərdə, liseylərdə oxuduqları da məlumdur. Son dövrlərdə bu məsələlər bizim və Türkiyənin mediasında çox müzakirə olunur.
– 220 saylı məktəbin direktoruna qarşı əsas ittihamlarınızdan biri də onun FETÖ şəbəkəsi ilə bağlı olmasıdır. Dediyiniz o direktor müavinləri də bu şəbəkəyə daxildirlər?
– Bəli, bunu nəzərdə tuturam və o barədə ətraflı danışacam. Tural müəllim direktor keçəndən sonra ora özü ilə Gülşən xanım adında təsərrüfat işləri üzrə bir müavin də gətirdi. Yeni direktor məktəbin idarəetmə strukturunda dəyişikliklər aparıb. O dəyişikliklər nədən ibarətdir? O, iddia edir ki, vəzifəyə gəldikdən sonra məktəbdəki korrupsiyanı ləğv eləyib. Məhkəmədə ona sual verildi ki, siz gələnə qədər o məktəbdə korrupsiya var idi? Cavab verdi ki, yox. Bəs onda hansı korrupsiyanı ləğv edibsən? Diqqət edin, onlar məktəbdə nəyi ləğv ediblər. O qrupun daxil olduğu şəbəkənin əsas məqsədi budur ki, ölkədə tanınmış məktəbləri ələ keçirərək, orada öz sistemlərini qursunlar, dövlətə və ölkə başçısına inamsızlıq yaratsınlar və maddi gəlir götürsünlər.
– Yəni söhbət tam planlı-məqsədli fəaliyyətdən gedir?
– Bəli, tamamilə doğrudur. Tural müəllimin ilk məqsədli addımlarından biri bu olub ki, o, valideynlərin könüllü surətde məktəbə yardım etmələrinin qarşısını alıb. Bunun özü də bir görüntüdür. Onun qarşılığında nə edib? Tural müəllim direktor təyin olunana qədər məktəbdəki bəzi müəllimlər pulla şagird hazırlayırdılar. Hər müəllim orta hesabla 3-4 uşaq hazırlayırdı. Tural müəllim gələndən sonra isə o uşaqların sayı 20-ni keçdi. Yəni müəllimlər həm o uşaqlara dərs deyir, həm də dərsdən sonra onlara pulla əlavə hazırlıq keçirlər. Yaxşı, uşaq təkrar hazırlığa gələcəksə, bəs dövlətin verdiyi təhsil hara gedir? Tural müəllim də hazırlığa gələn o uşaqların hər birinə görə 10 manat pul alır.
– O pul məktəbin büdcəsinə keçirilir?
– Guya məktəbin büdcəsinə gedir. Əslində isə bu, qanunsuz işdir. Həmçinin müəllimlərin məktəbdə pulla uşaq hazırlaması da qanunsuzdur. Çünki müəllimlər əldə etdikləri əlavə gəlirə görə vergi ödəməlidirlər. Eyni zamanda, o pulların nağd şəkildə yığılması da qanuna ziddir. Valideynlərlə müvafiq müqavilə bağlanmalıdır və pullar da məktəbin hesabına köçürülməlidir. Ancaq Tural dediyim o yollarla hər ay 10 min manat pul yığır. Tural məktəbdə təhsilin səviyyəsini qaldırmaqla məşğul olsaydı, hazırlığa gələn uşaqların sayı artmaq əvəzinə, azalardı. Əksinə, Tural məqsədli şəkildə çalışır ki, hazırlığa gələn uşaqların sayı artsın. O, 10-15 gündən bir şagirdlər arasında monitorinq keçirir. Həmin imtahanların heç bir hüquqi əhəmiyyəti olmadığı kimi, şagirdlərin bilik səviyyəsinin artmasına da təsiri yoxdur. Məsələnin rüsvayçı tərəfi budur ki, Tural və onun çevrəsindəki dəstə şagirdlərin imtahan cavablarının göstəricilərini aşağı salır.
– Bununla da şagirdlərdə həyəcan yaradırlar…
– Tam doğrudur. Valideynlər övladlarının qiymətlərinin aşağı düşdüyünü görərək, onları elə öz müəllimlərinin yanına pullu hazırlığa qoymaq məcburiyyətində qalırlar. Siz də deyin, bir müəllim fiziki cəhətdən həm məktəbdə dərs deyə, həm də dərsdən sonra çox sayda şagirdə hazırlıq keçə bilərmi? Eyni zamanda, uşaqların da fiziki-zehni imkanı yol verirmi ki, onlar dərsdən sonra hazırlıqla məşğul olsunlar? Belə absurd hal olarmı?
– Direktorla aranızdakı qalmaqalın konkret səbəbi nədir?
– Bu hadisələrin başlama səbəbi nədir? Tural məktəbə direktor gətiriləndən sonra bir çox qadın müəllimlərlə davranışlarında yanlışlıqlara yol verib. Bildiyiniz kimi, rəhbər şəxsin öz tabeliyindəki işçiləri yanına çağırmaq və onlarla davranış qaydaları mövcuddur. Tural həmişə gənc qadın müəllimləri bir yerdə yox, ayrı-ayrılıqda yanına çağırır. Bu zaman öz kreslosunda əyləşmir, qalxır gəlir çağırdığı müəllim ilə yaxın məsafədə üz-üzə oturur, ondan adını və adının mənasını soruşur. Müəllim adının mənasını bilmədikdə isə keçir kompüterdə axtarış verir, tapır və deyir ki, sənin adının mənası od-atəş deməkdir. O qadın müəllim də həyəcanla gəlir direktor müavini olan ailə üzvümün və oradakı müəllimlərin yanına, deyir ki, direktor mənim adımın mənasını niyə soruşur, mən bir də onun otağına getməyəcəm. Tural daha sonra başqa bir qadın müəllimi yanına çağırıb soruşub ki, çay istəyirsən, yoxsa kofe? Cavab veriləndə ki, heç nə istəmirəm, bu dəfə soruşub, bəs nə istəyirsən? O da otaqdan çıxıb və bu hadisəni qadın müəllimlərə danışıb. Həmin müəllimənin anası da o məktəbdə işləyir. Yəni buna bənzər xeyli hadisə olub. Eyni zamanda, Tural müəllimlə onun məktəbdə işə götürdüyü Gülşən xanım haqqında müəllimlər və valideynlər arasında da müəyyən xoşagəlməz söhbətlər dolaşmaqdadır. Hətta belə fikirlər də yaranıb ki, məktəbi artıq Tural yox, Gülşən xanım idarə edir. Bundan başqa, Gülşən xanımın məktəbə uyğun olmayan geyimdə işə gəlməsi də ciddi narazılıq doğurub. Ailə üzvüm bu kimi söhbətləri edən müəllimlərdən xahiş edib ki, belə məsələlərdən danışmasınlar. Bildirib ki, indiyə qədər o məktəbdə belə hallar olmayıb, ayıbdır. Müəllimlərə deyib ki, siz bu məsələləri böyütməyin, mən özüm direktorla danışaram. Gəlib Tural müəllimin yanına və bildirib ki, bu məsələləri sizə bir bacı kimi deyirəm. Qadın kollektivində belə hərəkətlərə yol vermək olmaz. Bu, bir. İkincisi isə Tural müəllim ailə üzvümə deyib ki, hazırlıq pullarını yığ, bu, Bakı Şəhər Təhsil İdarəsinin tapşırığıdır. Hazırlıq pullarının birinci ayını ailə üzvüm yığıb və aparıb Tural müəllimə. Pulu verəndə ondan müqaviləni istəyib və deyib ki, müəllimlərdən birinin yanına hazırlığa cəmi iki uşaq gəlir. O müəllim həm qaçqındır, həm də onkoloji xəstədir. Xahiş edib ki, həmin müəllimdən pul alınmasın. Tural da cavab verib ki, sən belə humanist olma, hamıdan pulu yığ, gətir.
Başqa bir narazılıq yuxarıda dediyim imtahanların nəticələri ilə bağlıdır. Araşdırma zamanı məlum olub ki, Turalın dəstəsi həmin imtahanların nəticələrini qəsdən aşağı salırmış. Yəni şagirdlərin qiymətləri qəsdən aşağı göstərilib. Valideynlərin etirazlarından sonra sonuncu imtahanın nəticələrini ləğv etməli oldular. Bundan başqa, ibtidai sinif müəllimlərindən bir neçəsi öz hesablarına pul qoyaraq, dərs keçdikləri sinif otaqlarını təmir etdiriblər. Bir haşiyə çıxım: Tural deyirdi ki, hazırlıq pullarının bir hissəsi məktəbin təmir işlərinə sərf olunacaq. O müəllimlər də bu sözə inanaraq, Turalın yanına gəlib təmirə çəkdikləri pulu almaq istəyiblər. Tural isə təmirə 160 manat xərcləmiş həmin müəllimləri təhqir edərək, pulu onların üzünə çırpıb – hərəsinə 50 manat. Onlar da pulu götürməyiblər.
Daha sonra Tural mənim ailə üzvümü yanına çağırıb bildirib ki, sənin müəllimlərin hədlərini aşıblar, mənim yanıma gəlib təmir pulu istəyirlər, sən məktəbi idarə edə bilmirsən, müəllimlər istədiklərini edirlər və sair. Mən nə deyirəmsə, o da olmalıdır. Bu da qayıdıb ki, axı necə belə ola bilər? Bundan da əvvəl o məktəbdə bir çox hadisələr baş vermişdi. Oradakı direktor müavini olan Aybəniz xanımla mənim ailə üzvüm arasında konflikt yaranmışdı. Səbəb nə idi? Nərminə xanım orada direktor olanda Aybəniz xanımın dil-ədəbiyyat müəllimi olan rəfiqəsi Nərmine adlı müəllimə şagirdlərə deyib ki, bizi 20 yanvarda elə yaxşı edib qırıblar, “Sarı gəlin” ermənilərin mahnısıdır və sair… Valideynlər bu məsələyə görə ailə üzvümün yanına şikayətə gəliblər və o da məsələni direktorun qarşısında qaldırıb ki, bəs belə xoşagəlməz təbliğat gedir. Sonra bir çox orqanlar bu məsələyə qarışdılar və o müəllimə məktəbdən uzaqlaşdırıldı. Aybəniz də buna görə ailə üzvümlə daha da düşmən oldu ki, sən niyə mənim rəfiqəmi işdən çıxartdırdın, mənim korpusumda baş verənlərin sənə nə dəxli var? Gör sənə nə edəcəm…
Sonra Aybəniz müəllimlə Tural plan quraraq, ailə üzvümün iş yerini dəyişmək istəyiblər. Bunun səbəbini soruşduqda isə onların şərləmə və böhtan kampaniyası işə düşüb. Bunlar nədir? O zaman hansısa kurs mərkəzləri gəlib məktəbdə reklam işləri aparıblar. Azərbaycan reallığında direktorun xəbəri olmadan, gəlib məktəbdə reklam təşkil etmək olar? Bunu heç kim edə bilməz. O işləri görən laborant isə məhkəmədə də etiraf etdi ki, reklam işlərini Tural müəllimin tapşırığı ilə həyata keçirib. Ancaq Tural məktəbin müəllimlərini məcbur edib ki, onlar bu reklam məsələlərini Zeynəb Rzayevanın tapşırığı ilə etdiklərini desinlər. Müəllimlərin “WhatsApp” yazışmalarında bu məsələlər göstərilib və o yazışmalar məhkəməyə təqdim olunub. Orada müəllimlər etiraf edirlər ki, Tural müəllim onları Zeynəb Rzayevanın əleyhinə izahat verməyə məcbur edib. Tural da məsələni Bakı Şəhər Təhsil İdarəsinə öz bildiyi kimi çatdırıb və ailə üzvümə xəbərdarlıq etdirib. Daha sonra isə ona deyib ki, xəbərdarlıq aldığına görə sənin işini dəyişərək məktəbin o biri korpusuna keçirirəm. Belə olduqda, Zeynəb Rzayeva deyib ki, mən o biri korpusa keçmək istəmirəm, orada xoşagəlməz hallar baş verir, ondansa ərizəmi yazıb işdən çıxıram.
Bundan sonra bacım mənə zəng vurub işdən çıxmaq üçün ərizə yazdığını dedi. Bacıma dedim ki, gözlə, gəlim, ərizəni özüm aparıb direktora təqdim edərəm, həm də işdən niyə çıxdığını öyrənərəm. Gəldim məktəbə, bacımdan soruşdum ki, niyə işdən çıxırsan? Biz mühafizəkar ailəyik, bizi tanıyanlar bunu bilirlər. O məktəbdə 15-16 il direktor müavini işləmiş bacım da cavab verdi ki, artıq bu mühitdə işləyə bilmir. Sizə yuxarıda bəhz etdiklərimi bacım mənə danışdı.
– Direktorla insidentiniz də bundan sonra başladı…
– Elədir. Gəldim direktorun yanına, katibəsinin yanından qapını döydüm, baxdım ki yanında adam var, deyib-gülürlər. Dedim, gəlmək olar, cavab verdi ki, olmaz. On dəqiqə gözlədikdən sonra bir də qapını döydüm, dedim, sizi görmək istəyirəm, dedi ki, mənim vaxtım yoxdur.
– Buna qədər sizi tanıyırdı?
– Bəli, üzdən görmüşdü, tanıyırdı, kim olduğumu bilirdi. Ona dedim ki, Zeynəb müəllimənin işdən çıxmaq haqqında ərizəsini gətirmişəm, həm də sizinlə bir qısa söhbət eləmək istəyirəm. Dedi ki, sən mənimlə söhbət edə bilməzsən, mənimlə də sənlə danışma. Qayıtdım ki, yaşda böyüyəm, ancaq siz də deyə bilərəm, problem yoxdur. Bundan sonra Tural başladı təxribatçı hərəkətlər eləməyə. Mənə qayıtdı ki, o sözləri içəridə bir də təkrarlaya bilərsən? Mən də içəri kabinetə keçdim və aramızda konflikt yarandı.
– Məlum konflikt belə başladı…
– Danışdığım kimi. O, qızışdırıcı sözlər dedi və sair. Orada da əsəbiləşməyimin əsas səbəbi Turalın qadın müəllimlərlə bayaq bəhs etdiyim hərəkətlərə yol verməsi olub. Yoxsa, mən hər şeyə görə əsəbiləşən deyiləm. Mən öz ailə üzvümün o cür direktorun rəhbərlik etdiyi məktəbdə işləməsinə razı ola bilmərəm. Bacımın o məktəbə düzəlməsinin əsas səbəbi də Almaz xanımın və məktəbin müsbət reputasiya qazanması olmuşdu. Deməli, Tural da içəri kamera quraşdırıb və oradakı söhbətimizi çəkdirib. Mən ondan müəllimlərlə niyə belə davradığını soruşdum və o da səbəb göstərmədən dedi ki, yaxşı eləmişəm, səlahiyyətim var və sair. Aramızda da o konflik yarandı.
Bu insidentin nəticəsi o oldu ki, mən, hüquq müstəvisində ona qarşı mübarizə aparacağımı dedim. O da həmin gizli çəkilişi yaydı. Hətta bundan sonra da ona müraciət etdim ki, məsələni böyütməyək, burada başqalarının ailə məsələsindən də söhbət gedir. Ona dedim, qadın müəllimlərlə kabinetdə olan çəkilişləri çıxar ortaya, biz də inanaq ki, sən onlarla o cür davranmamısan. O da bunların heç birini eləmədi. Əvəzində nə elədi? Onun Bakı Şəhər Təhsil İdarəsində işlədiyi vaxt daxil olduğu qrup müxtəlif məktəblərdə yoxlamalar aparırdı. Bu da həmin qrupu çağıraraq, 220 saylı məktəbdə yoxlama apartdırıb. Yoxlamaya gələnlər də Turalın öz yaxın adamlarıdır…
– Nəticə də əvvəldən məlumdur…
– Təbii ki… Yoxlamaya gələn qrup hətta müəllimlərdən Zeynəb Rzayevanın əleyhinə məcburi qaydada izahat alıb. Həmin şəxslər də Bakı Şəhər Təhsil İdarəsi Təhqiqat Şöbəsinin əməkdaşlarıdır. Onlar obyektiv təhqiqat aparmaq əvəzinə millətə və dövlətə qarşı təxribat törətməklə məşğuldurlar. Onların psixoloji təzyiqləri altında olan müəllimlərin iş keyfiyyəti və ölkəyə münasibətləri necə ola bilər? Tural və yoxlamaya gələn dəstəsi “Turala heç kəs nəsə edə bilməz” görüntüsü yaradırmışlar.
– Yəqin ki məhkəmə bu məsələlərə aydınlıq gətirəcək. Ancaq çox maraqlıdır, Tural Mirzəliyevin də mənsub olduğunu dediyiniz təhsildəki bu şəbəkə öz fəaliyyətində kimlərə güvənir, kimlərdən dəstək alır?
– Bu şübhələr haradan yaranır? Bu barədə mətbuatda çox oxumuşam, çoxları bu haqda danışıb. Tural özü Türk liseyini bitirib. Mən o iddiada deyiləm ki, Türk liseylərini bitirənlər avtomatik hansısa şəbəkəyə daxil olurlar. Amma həmin liseydə məqsədli təhsil alan və ora yerləşdirilən xüsusi şəxslər var. Tural liseydən sonra universitetə daxil olub, oranı bitirdikdən sonra isə Qafqaz Universitetində dərs deyib. Baxın, məni sosial şəbəkələrdə linç edənlərin də əksəriyyəti nəzərdə tutduğum liseylərin məzunları və o universitetdə oxuyanlardır. Onlar bizi çox ağır söyüşlərlə təhqir edirdilər. O təhqirləri çıxarmışıq və istintaq orqanlarına təqdim etmişik.
Bildiyiniz kimi, FETÖ-nun ifşasından sonra onların Azərbaycandakı əsas universitet və məktəbləri bağlanıldı. Ancaq onlar bundan sonra yenə də şəbəkələşərək, öz sistemlərini müxtəlif məktəblərdə qurmağa çalışırlar. Mənə deyirlər ki, sən niyə onlara sapıq deyirsən? Cavab verirəm, Tural o məktəbə direktor gələnə qədər Rövşən Əzizov oranın ən yaxşı müəllimi hesab edilib. Ancaq onu da həmin şəbəkəyə daxil etmək istəyiblər. Hətta zamanında “Samanyolu” telekanalı da Rövşən haqqında yaxşı müəllim kimi süjet hazırlayaraq yayımlayıb.
Tural o məktəbə direktor əvəzi təyin olunandan bir az sonra isə məlum “erməni hadisəsi” məsələsi üzə çıxdı. Tural Rövşəni çağırıb yanına və deyib ki, mən sənin arxandayam, get o layihəni həyata keçir. Eyni zamanda, Turalın öz övladı da o layihədə iştirak edib, Rövşənin təlimatlandırdığı, dərs keçdiyi və erməni bayrağı geyindirdiyi şagirdlərin arasında olub. Yəqin ki , Turalla Rövşənin əvvəldən də tanışlıqları olub və onlar birlikdə layihələr hazırlayıb həyata keçiriblər. Yəni Rövşən ümidverici müəllimlərdən biri olsa da, Tural onu öz yoluna çəkib, bu işlərin üstü açılanda isə yaxasını kənara tutub.
Soruşursuz ki, onların arxasında kimlər dayanır? Onların arxasında dayananlardan biri Bakı Şəhər Təhsil İdarəsi rəisinin müavini olan Rəşad adlı şəxsdir. Biz Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət xanımın qəbulunda olmuşuq və bir Allah bilir, o, bizim başımıza nə oyun açdı ki, Məhəbbət xanım bizi qəbul eləməsin… Hətta bizim yanımızda da Məhəbbət xanıma səhv, yalan məlumatlar verdi. Daha sonra Bakı Şəhər Təhsil İdarəsi Təhqiqat Şöbəsinin müdiri Sərxan Rzayev və onun işçilərini, xüsusilə Yaqut xanım adlı əməkdaşı qeyd edə bilərəm. Tural da onlarla bir qrupda olub – onları banda da adlandırmaq olar. Hansı məktəbin direktorunu “vurmaq” lazımdırsa, birlikdə bu işi görüblər. Öz maraqlarını həyata keçirmək üçün “cəza aparatı” yaradıblar.
Adını çəkdiyim Yaqut xanımın özü mənə etiraf edib ki, o, təzyiq altında qalaraq 220 saylı məktəbin müəllimlərindən məcburi qaydada izahat alıb. Siniflərindəki şagirdlərin sayı az olan, işsiz qalmaqdan ehtiyatlanan müəllimlər də təzyiqlərdən çəkinərək, Yaqut xanımın istədiyi formada izahat yazıblar. Mən onlardan soruşdum ki, hər il 220 saylı məktəbə yoxlama gəlirdi, əgər ailə üzvümün işində bir nöqsan vardısa, niyə bunu vaxtında bildirmirdiz? Bu suala cavab verə bilmirlər. Yəni onlar təhsil sahəsini nəzarətə götürmək istəyən, şəbəkələşmiş adamlardır. Bu barədə daha əvvəl də danışa bilərdim. Ancaq vəziyyətin həssaslığını nəzərə alaraq, bir qədər gözləməyi lazım bildim. Onlar artıq məhkəmədə uduzduqlarının fərqindədirlər. Ona görə də Tural məhkəməyə gəlməkdən yayınır.
– Ümumiyyətlə, FETÖ şəbəkəsinin Azərbaycandakı mövcudluğu haqda nə düşünürsüz? Bu şəbəkəni tam çökdürmək üçün nə lazımdır?
– Mən bir sənət adamı olaraq, bu məsələlərə hər zaman mövqe bildirirəm. Sənət adamının, ziyalının vəzifəsi həm də qaranlıq yerlərə işıq salmaq, olan problemləri açığa çıxarmaqdır. Zaman göstərdi ki, ölkəmizdə maskalanaraq, fəaliyyət göstərən neqativ qüvvələr uzun müddət özlərini cəmiyyətə müsbət tərəfdən göstərməyə çalışıblar, bəzən də buna nail olublar. Bildiyiniz kimi, FETÖ-nun nüvəsi Türkiyədə idi və orada bu şəbəkə tam zərərsizləşdirib. Eyni zamanda, FETÖ-nun başqa ölkələrdəki sistemləri də çökdürülüb. O şəbəkə əsasən, “kondisioner effekti” ilə məşğul idi. Yəni obrazlı desək, onlar isti havada kondisoner funksiyasını yerinə yetirirlər, insanları sərinlətsələr də, sonradan üzə çıxan xəstəliklərin yaranmasına səbəb olurdular. O şəbəkə Türkiyədə olduğu kimi, Azərbaycanda da geniş fəaliyyət göstərib, öz adamlarını dövlətin mühüm strukturlarına yerləşdiriblər. Həmin adamların dövlət üçün nə qədər təhlükəli olduqlarını söyləmək artıqdır.
Mən çox istərdim ki, Azərbaycanın xüsusi xidmət orqanları 220 saylı məktəbdə təhqiqat aparsın, həmin şəbəkənin məktəbdə necə yoxlama apardığını araşdırsınlar və o zaman məlum olacaq ki, bir məktəbin qismində üzə çıxan faktlar və onların əməlləri ölkə üçün nə qədər təhlükəlidir. Bu şəbəkənin əsas məqsədlərindən biri vətəndaşların dövlətə və prezidentə güvənlərini sarsıtmaqdır. Onlar məhz bu işlər üçün yetişdiriliblər. O şəbəkəyə qarşı ən qəti tədbirlərin görülməsi lazımdır.
A.Zeynalov
www.yenicag.az