“Qarabağ Azərbaycan ərazisidir, oradakı hadisələr Rusiya müharibəsi ilə müqayisə olunmazdır”.
Yenicag.az xəbər verir ki, bunu fevralın 27-də Almaniyanın Ermənistandakı səfirliyində keçirdiyi mətbuat konfransında Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker deyib.
O, erməni jurnalistlərin Qarabağ ermənilərinin “məcburu köçkünlük” məsələsinə baxılması ilə bağlı Almaniyanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi sualına cavab verib.
“Təbii ki, insani cəhətdən ölçülər bütün hallarda bərabərdir. Lakin beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycan ərazisində yerləşir. Və heç bir halda Rusiyanın Ukraynanın suveren ərazisində törətdiyi təcavüzkar müharibə ilə müqayisə oluna bilməz.
Bu, xarici siyasətlə bağlı sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur.
Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqındırlar. Biz onlara dəstək məsələsində kömək edirik.
Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, – deyə Vinkelmeyer-Bekker əlavə edib.
Xuraman Etibarlı
www.yenicag.az