UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi ilə Zaqrebdə keçirilmiş ilk matçda (3:0) əzələsindən zədə alan Stefan Ristovskinin Bakıdakı matçda iştirak etməyəcəyi dəqiqləşib. Xorvatiya çempionatının III turunda “Şibenik”ə qarşı görüşdə sıradan çıxan Ariyan Ademinin isə oynaması sual altındadır.
Buna baxmayaraq, komandanın baş məşqçisi Sergey Yakiroviç klubun aparıcı oyunçularının Bakıya gətirilməsinə qərar verib.
Xorvatiya çempionatının IV turunun “Qoritsa” ilə oyununda başından zərbə alan Sami Mmainin durumu isə qənaətbəxşdir.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq.
www.yenicag.az