Qaraqana ABŞ-dan təklif gəldi
Yazıçı və reper Qaraqan sabah Amerika Birləşmiş Ştatlarında festivala qatılacaq. Yenicag.az xəbər verir ki, onun dəvət olunduğu SXSW – dünyanın ən böyük musiqi festivallarından biridir. Texas ştatının paytaxtı Austində keçirilən festivalda Twitter, Foursquare kimi məşhur proqramlar ilk uğurlarına imza atıblar.
SXSW təşkilatçıları tərəfindən hazırlanıb dərc olunan məqalədə azərbaycanlı reperin ifası qiymətləndirilib: “Qaraqan son illər Azərbaycan gəncləri üçün kult ifaçıya çevrilib və gənclər onu yalnız musiqiçi kimi deyil, böyük , müəllim və dost kimi dəyərləndirirlər. Festival müddətində Qaraqanın Amerika, Meksika və Yaxın Şərq musiqiçiləri ilə birgə layihələri olacaq”.
Qaraqan isə festifal barədə təəssüratlarını bu cür dilə gətirib: “Bu festivalda iştirak etmək bizim üçün qürurvericidir. Bu illər ərzində heç bir qapını döyməkdik, heç bir tədbirə özümüz qatılmağa çalışmadıq. Yalnız öz işimizlə – musiqi ilə məşğul olduq. Amerikadan dəvət gəlməsi bir daha sübut etdi ki, qısa paltar geyinib toy mahnıları oxumadan da uğura doğru getmək mümkündür. Vaxtilə Azərbaycan repindən ilham alır və onun bir hissəsi olmağa çalışırdım. Amma bu gün Azərbaycan repini yeni beynəlxalq müstəviyə çıxarıram. Demək borcumu qaytarıram. Burada Azərbaycan haqda çox az məlumatlıdırlar. İngilisdilli axtarış sistemlərində Azərbaycan sözünü axtaranlar provokativ və böhtan dolu məqalələrlə, eləcə də müharibə şəraiti ilə bağlı neqativ informasiyalarla rastlaşırlar. Adi amerikalıların böyük hissəsi Azərbaycan sözünü tələffüz edə bilmir. Tanıyanlar isə, radikal İslam, Qarabağ müharibəsi və neft milyonçularından danışır, bizi İraqla, Suriya ilə müqayisə edirlər. Bizim zəngin mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz və qədim tariximizdən xəbərsizdilər. Düşünürük ki, mədəniyyətlə bağlı hər belə layihə doğru olmayan stereotipləri qırmağa kömək edəcək. Festival bitdikdən sonra Los-Ancelesə, daha dəqiq desək Hollivuda yeni albom yazılışlarına gedəcəyik. Eləcə də bir neçə nəşriyyatla görüşümüz nəzərdə tutulub. Bu festival bir çox yeniliklərə dəstək olub, Lady Gaga, Eminem, Snoop Dogg, Sia kimi məşhur ifaçılar buraya gəlib. Bu il Kanye Vest , Stromae, Snoop Dogg artıq gələcəkləri haqda xəbər veriblər”. Bird aha xatırladaq ki, Qaraqanın festivaldakı çıxışı sabah baş tutacaq”.
Qeyd edək ki, Qaraqanın qatıldığı həmin festivalda dünyaca tanınmış ifaçı Katy Perri də illər öncə iştirak edib. Festivalda iştirak etmək üçün 20000 musiqi qrupu arasından yalnız 1000-1500 ifaçı seçilir. Seçimi birbaşa Amerika mütəxəssisləri edir. Seçilmiş İfaçılar arasında Azərbaycandan Qaraqan da var.