Qərb-Rusiya qarşıdurmasının kəskinləşməsinin Azərbaycana təsiri..
Aydın Ağayev: “Qərb-Rusiya qarşıdurmasında ölkəmiz üçün ziyanlı…”
2015-ci ilə də Qərblə Rusiya arasında kəskin qarşıdurmanın davam etməsilə daxil olduq. ABŞ başda olmaqla Qərb Rusiyaya sanksiyalar tətbiq edib ki, bu tədbirlər də öz nəticəsini verməkdədir. Belə ki, neftin qiyməti kəskin düşüb, rubl isə daha ağır durumdadır. Rusiya isə iqtisadi cəhətdən zəifləsə də, hələlik duruş gətirir və yaxud belə bir görüntü yarada bilib. Görəsən, sözügedən qarşıdurmanın durmadan kəskinləşməsi Azərbaycana nə vəd edir?
Yenicag.az-a açıqlamasında Milli Məclisin Analitik-informasiya Şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Qərb-Rusiya qarşıdurmasının kəskinləşməsi Azərbaycan üçün hansısa bir çətinlik yaratmayacaq: “Cənubi Qafqazda da bu proseslər diqqətlə izlənilir. Burada iqtisadi-siyasi və digər cəhətdən aparıcı, daha fəal ölkə Azərbaycandır. Gürcülərin və Rusiyanın əyaləti olan Ermənistanın bu situasiyaya heç bir təsir etmək imkanları yoxdur. Tiflis də çalışır ki, hazırki situasiyada Moskva ilə münasibətləri daha da kəskinləşdirməsin. Amma bununla belə Tiflis öz prinsipial mövqeyində də qalır. Azərbaycanla Rusiyanın münasibəti isə tamamilə başqadır. Azərbaycan Moskva üçün iqtisadi, enerji təhlükəsizliyi baxımından, siyasi cəhətdən maraqlı və əhəmiyyətli ölkədir. Eynilə Azərbaycan üçün də Rusiya ilə münasibətlərin əhəmiyyəti danılmazdır. Bu vəziyyətlə əlaqədar Azərbaycan çox praqmatik siyasət aparır. Hələlik burada ölkəmiz üçün ziyanlı hansısa tendensiyaların, problemlərin olacağına dair hansısa məqamlar yoxdur. Azərbaycanda bu məsələləri kifayət qədər bilənlər var. Bu vəziyyətin yaratdığı şəraitdə Azərbaycanın milli mənafeyinə uyğun konkret siyasi addımların aparıldığı göz önündədir. Rusiya ilə siyasətdə üç ay bundan qabaq olan siyasətlə hazırki siyasət arasında heç bir dəyişiklik yoxdur. Azərbaycan öz işini yaxşı bilir. Güman etmirəm ki, burada Azərbaycan üçün hansısa çətin situasiyalar yaransın və yaranmayacaq”.
Rüfət