!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"6 nəfərlə düşmənin hamısını məhv etdik" - Xüsusi Təyinatlı Zabitimiz

!Reklam – Yazi

Aprel zəfərinin 2 ili tamam oldu.

Aprel döyüşləri Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlarından biridir. 4 günlük müharibədə ordumuz 2 yüksəkliyi işğaldan azad etməklə yanaşı, düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Bundan əlavə, aprel döyüşləri həm də Azərbaycan xalqının özünə inamını, sınmış qürurunu bərpa etdi.

Döyüşlər zamanı Azərbaycanın digər ordu birləşmələri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələri fəal iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrimizin göstərdiyi şücaət danılmazdır. Düzdür, onlar etdikləri barədə çox az danışır. Əməlləri qulaqdan qulağa gəlib çıxır. Ancaq döyüşlərdən sonra ermənilərin Talış kəndindən yaydığı kadrlara baxmaq kifayət edir ki, Xüsusi Təyinatlı Qüvvələrimiz nələr etdiyi aydın olsun.

Danışmaqdan daha çox əmələ üstünlük verənlər…

Yenicag.az aprel döyüşlərinin iştirakçısı baş leytenant Şahgəldiyev Ağasəmi ilə müsahibəni sizə təqdim edir.

Qısa arayış:

Şahgəldiyev Ağasəmi Kərimbala oğlu 1990-cı il aprelin 12-də Sumqayıt şəhərində anadan olub. Ali hərbi məktəbi ikinciliklə bitirib. 1 il təlim-tədris mərkəzini oxuyub. Leytenant rütbəsi aldıqdan sonra N saylı hərbi hissəyə xidmətə göndərilib. 6 ay sonra Xüsusi Təyinatlı Qüvvələrə qoşulub. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən 3 ay sonra döyüş tapşırıqlarına gedib. Aprel döyüşlərində göstərdiyi xidmətlərinə görə prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalla təltif edilib. Aprel döyüşlərində aldığı yaralardan sonra ordu sıralarından tərxis edilib.

– Aprel döyüşlərinə qədər hansı döyüş tapşırıqlarında iştirak etmisiniz?

– Məni kapitan Orucov Mühit yetişdirib. O, aprel döyüşlərində şəhid oldu. Orucov Mühit qrup komanirim idi, onun müavini kimi döyüş tapşırıqlarına getmişəm. Kapitan Orucov Mühit yuxarı vəzifəyə getdikdən sonra, onun vəzifəsini icra etmişəm. Düşmən arxasında 20-ə yaxın döyüş tapşırığında olmuşam.

– Aprel döyüşləri necə başladı?

– Bizə adi döyüş tapşırığı komandası gəlmişdi. Martın 31-i kəşfiyyat məlumatlarına əsasən bizə dedilər ki, düşmən hücum edəcək, əks həmlə etmək lazımdır. Aprel ayının 1-i gecə keçid yerinə çatdıq. Bizə dedilər ki, bu adi döyüş tapşırığı deyil, ermənilər postlarımıza hücum edəcək, onları geri oturtmalıyıq və torpaqlarımızı azad etməliyik. Açığı bu sözlər deyiləndə çox sevindik.

Baxın, çox adam çox şey bilmir. Gedib düşmənin arxasına keçib düşmən öldürüb gəlirik, ancaq bunun bir mənası yoxdur. Düzdür, düşmənin sayı azalır, ancaq bir qarış torpağımızı ala bilmirdik. Ancaq biləndə ki irəli gedib torpaqlarımızı azad edəcəyik, ab-hava tamam dəyişdi.

Keçidə başladıq. Düşmən səngərinə 50 metr qalmış puskuya düşdük. Mayor Miriyev Telman keçidi təmin edirdi. Mənim qrupum ölüm bölgəsinə, yəni, atəş altına düşdü. Orada silahımdan keçən güllə ilə vuruldum. Ancaq döyüşərək puskunu yardıq. Biz elə səviyyədə idik ki, düşmənin xəbəri olsa da, oradan çıxdıq. Bunu bizə öyrədən komandirlərimiz var, Orucov Mühiti xüsusi qeyd edərdim.

– Pusqunu yardıqdan sonra hansı istiqamətdə irəlilədiniz?

– Pusqunu yardıqdan sonra, Talış kəndinə doğru irəlilədik. Orada yarımqruplara bölündük. Kapitan Haşımovun yarımqrupu və mənim yarımqrupum düşmənə tərəf getdik.

– Sizin yarımqrupun tapşırığı nə idi?

– Bizə verilən tapşırıq kəndin içərisinə girmək və oranı təmizləmək idi. Kəndin içərisində çoxlu sayda düşmən əsgərlərini məhv etdik. Orada mənim yarımqrupumdan bir nəfər yaralandı. Dəstə komandiri çağırdı ki, yaralını onlar istiqamətinə aparaq. Orada gedib 14 nəfər erməni əsgəri ilə qarşılaşdıq. 50 metrdən onlar bizi gördü, ancaq tam əmin deyildilər ki, biz Azərbaycan əsgəriyik. Çünki puskuda məhv olduğumuzu düşünürdülər. 7-8 metr məsafəyə qədər yaxınlaşdıq. Onlar silahın qaldırana kimi 6 nəfərlə düşmənin hamısını yerindəcə məhv etdik. Ölənlər arasında erməni xüsusi təyinatlılarının qrup komandiri də var idi. Daha sonra kəndi mühasirəyə aldıq, evləri təmizlədik. Təmizlik işləri bitdi və qalxdıq kəndin yüksəkliklərinə. Oraya yerləşdik və növbəti komandanı gözlədik.

Qeyd:

Erməni xüsusi təyinatlılarının meyitlərini erməni mediası Talış kəndindən reportaj hazırlayan zaman yayımlamışdı. 12 erməni meyiti yan-yana görünürdü. Sonradan məlum olur ki, 14 nəfər ermənidən 2-si yaralanaraq ərazidən qaça bilib.

– Növbəti komanda nə oldu?

– Biz tankları gözləyirdik, ancaq düşmən minalar basdırmışdı və tanklarımızın hərəkətinə imkan vermirdilər. Tankla döyüşmək daha rahat idi. Yerləşdiyimiz ərazini mühafizəyə aldıq. Saat 7-ə kimi tanklarımızı gözlədik. Biləndə ki gələ bilmirlər, komanda gəldi ki, geri çəkilin. Geri çəkilən zaman yenə düşmən əsgərləri tərəfindən puskuya düşdük. Puskudan çıxdıq. O puskudan təkcə professionallığımıza görə qurtulmadıq, sanki bizi Allah saxladı.

– Talış kəndinə daha sonra qayıtdınız?

– Puskudan çıxandan bir qədər sonra yeni komanda gəldi ki, kəndə qayıtmalıyıq, yeni əsgərlər çatıb, onları oraya yerləşdirmək lazımdır. Kəndə qayıdarkən yüksəklikdə yenə puskuya düşdük. Kapitan Haşımov yaralandı. Xidmətdə olan bir gizirimiz də yaralandı. Bir şəhidimiz geridə qalmışdı. Çətinliklə güllə altında kapitan Haşımovu və hazırda xidmətdə olan gizirimizi oradan çıxardıq.

Kəntdən çıxa bilmirdik. Ön tərəfimizi də tutmuşdular. Ravilgilə xəbər etdik, onlar posta basqın elədilər. Orada Səfərov Elmidar şəhid oldu. 5 nəfər də yaralandı. Orada bir post var idi ki, oranı Birinci Qarabağ müharibəsi vaxtı bir tabor ala bilməmişdi. O postu tək Ravil Novruzov aldı. Elə bir döyüş görməmişdim. Kinolarda belə elə bir səhnə yoxdur. Ravil girdi düşmən səngərinə 4 nəfər də arxası ilə. Erməniləri vura-vura axıra kimi çıxdı. Qışqıra-qışqıra şəhid olacam deyirdi, bir-bir düşmənləri öldürürdü. Kənardan baxanda adam vahimələnirdi. Tüklərim biz-biz olmuşdu. Ravil sonuncu düşmən əsgərini öldürəndən sonra şəhid oldu. Ravilin aldığı posta Kapitan Orucov Mühit, Mirzəyev Murad gəldi. Postu saxlamaq istəyirdilər, kapitan Orucovun bütün qrupu orada şəhid oldu. Onlar axıra kimi tanka qarşı vuruşdular. Postu düşmənə vermədilər. Hazırda o post bizdədir.

– Ermənilərin xüsusi təyinatlıları orada idi?

– Yalan-yalnış informasiyalar yayılır. Biz orada adi əsgər öldürməmişik. Oradakı ermənilərin hamısı xüsusi təyinatlı olub. Onların nişanlarını götürmüşük. Heç biri adi əsgərlər deyildi.

Talış tapşırığı belə bitdi.

– Nə zaman tərxis oldun?

– Talışda evlərə girəndə düşmən əsgəri üstümə qumbara atdı, orada yaralandım. Apreldən sonra psixi problemlərim də oldu. Şəhidlərimiz yadımdan çıxmırdı, yata bilmirdim. Artıq gördülər ki, xidmət edə bilmirəm. Tərxis oldum.

Səxavət Məmməd
Foto: Elmar Məliksoy

www.yenicag.az

6518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv