“Azərbaycanın Avrasiya iqtisadi inteqrasiyasında iştirakı bütövlükdə regionda adekvat iqtisadi siyasətin həyata keçirilməsi şəraitində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin kəskin şəkildə gücləndirilməsinə töhfə verməlidir”.
Bu sözləri qlobal iqtisadi böhranın təsir imkanlarını dəyərləndirən iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov Yenicag.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Elşad bəy, bu gün qlobal iqtisadi idarəetmə sisteminin məhv edilməsi prosesinin tətik mexanizmi ilk növbədə Vaşinqtonda işə salınır. Sizcə, bu, təsadüfidir?
– Düşünürəm ki, bu, təsadüfi deyil. Hazırda satış bazarlarının genişləndirilməsi mexanizmləri demək olar ki, dayanıb və ya kəskin şəkildə yavaşlayıb. Əslində, iqtisadiyyat özünə aid olanı alır. Fikrimcə, “həddən artıq qızdırılan” Qərb iqtisadiyyatlarında tələbin daha inflyasiyasız artırılmasının mümkünsüzlüyü, ABŞ və Avropa İttifaqında kapitalın effektivliyinin çox əhəmiyyətli dərəcədə aşağı düşməsi, iqtisadiyyatın maliyyə sektorunun real sektordan faktiki ayrılması və bir sıra digər problemlər sistemli böhranın qaçılmazlığına və dollar təmayüllü qloballaşmanın qaçılmaz iflasına, eləcə də dərin Avrasiya regional iqtisadi inteqrasiyası mövzusunun aktuallaşmasına səbəb oldu. Bu zaman qeyd etmək lazımdır ki, yalnız texniki-iqtisadi inkişafın idarə edilməsi üzrə daha effektiv institutların tətbiq ediləcəyi regionlarda sabit və qabaqlayıcı müsbət trendlər təmin edilə bilər.
Ona görə də nə ortamüddətli, nə də uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının əvvəlki strukturunun əsas benefisiarlarının qlobal liderliyi saxlamaq planları baş tutmamalıdır.
– Texniki-iqtisadi inkişafın idarə edilməsi üzrə effektiv institutların tətbiqi ilə Avrasiya iqtisadi inteqrasiyası postsovet məkanı ölkələri üçün optimal prioritet sayıla bilərmi?
– Son onilliklər ərzində müvafiq valyuta və xammal təhlükəsizliyinə malik olan ölkələr, o cümlədən Azərbaycan bu prosesdə iştirak etməkdə son dərəcə maraqlı olacaq. Azərbaycanın Avrasiya iqtisadi inteqrasiyasında iştirakı bütövlükdə regionda adekvat iqtisadi siyasətin həyata keçirilməsi şəraitində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin kəskin şəkildə gücləndirilməsinə, emal və insan kapitalının inkişafı ilə bağlı sahələrin davamlı yüksəlməsinə töhfə verməlidir. Düşünürəm ki, milli maraqların üstünlüyünə əsaslanan dövlət başçısının siyasəti Azərbaycanın bu məsələdə optimal və düşünülmüş mövqedən çıxış edəcəyinə ümid etməyə əsas verir. Ümumiyyətlə, Avrasiya inteqrasiya vektorunun güclənməsi tendensiyası, təkcə postsovet məkanı ölkələri üçün deyil, həm də daha geniş coğrafiyada yerləşən dövlətlər üçün həlledici və davamlı olmalıdır. Çünki dollara söykənən qloballaşmanın süqutu istər-istəməz yenidən formatlaşdırma ilə bağlı proseslərin sürətli inkişafına, qlobal iqtisadiyyatın seqmentləşməsinə, güclü, mövqeləşmiş və sabit makroregionların yaranmasına təkan verməlidir.
Gülşən Şərif
www.yenicag.az