!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın baş tutmayan PLANLARI: "Kreml bu addımları ata bilər" - RƏY

!Reklam – Yazi

“Ermənistan və Rusiya üçtərəfli bəyanatı icra etmədiyi üçün Azərbaycan dərhal silahsızlaşdırmanı və pasportlaşmanı həyata keçirməyə başlamalıdır”.

Bu fikri Soçi görüşündən geri qalanlar və Rusiyanın alınmayan planlarını dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Rusiya Xankənində hərbi baza yaratmaq arzusunda idi, ancaq bu reallaşmadı:

“Rusiya çalışırdı ki, Ermənistan vasitəsiylə Azərbaycanda hərbi baza yaradılmasının əsaslarını qoysun, sülhməramlı qüvvələrin orada olma müddəti 20 il uzadılsın, Xankəndinin müqəddəratını qeyri-müəyyən şəkilə salsın. Bunların da heç birinə nail olmadı.

Rusiyanın cəhdlərinin arxasında iki məqsəd durur. Birincisi, guya onun vasitəçiliyi ilə kimlərsə barışır görüntüsü yaratmaqla özünün itirdiyi beynəxalq nüfuzu bərpa etmək, legitimləşməkdir. İkincisi isə, dövlət maraqlarını həyata keçirmək idi.

Rusiyanın Cənubi Qafqazda mövcudluğu sual altındadır. Ermənistan Qərbə inteqrasiya edir, hətta rus qoşunlarını ərazisindən çıxarmaq istəyir. Gürcüstan onsuzda düşmən kimidir, çünki onun iki ərazisini işğal edib. Rusiya üçün məqbul variant Azərbaycana təzyiq edib öz təsiri altında saxlamaqdır. Azərbaycan da qardaş Türkiyənin yaxından dəstəyi ilə Rusiyaya ciddi müqavimət göstərdi. Nə Qarabağ, nə sülhməramlıların müddətinin uzadılması gündəmə gəlmədi. İlham Əliyev də açıq şəkildə dedi ki, Ermənistana 5 şərt irəli sürmüşük, beynəlxalq hüquqa əsasən həmin şərtlər daxilində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq.

Soçi görüşündən əvvəl ABŞ Dövlət Departamenti belə bir bəyanat verdi ki, Rusiyanın vasitəçilik etməsi Qarabağı Azərbaycandan qoparmaqdır.

Biz də başa düşürük ki, Rusiya heç vaxt öz ətrafındakı münaqişələrin həllində maraqlı deyil. Qəsdlə problemin elə həllinə çalışır ki, istənilən vaxt tərəflərin birinə təzyiq edərək münaqişə yarada bilsin”.

Rusiyanın planları baş tutmayacağı təqdirdə ata biləcəyi addımlara gəldikdə isə partiya sədri bunları deyib:

“Rusiyanın başqa cür davranmaq şansı yoxdur. İlham Əliyev Azərbaycan müxalifəti, Azərbaycan xalqı ilə bir yerdə Xankəndi problemini qısa müddətdə həll etməlidir. Çünki Rusiyanın strategiyası ondan ibarətdir ki, Xankəndi məsələsi uzadılsın, qeyri-müəyyənlik yaransın. Bununla da həm Azərbaycan, həm də Ermənistan asılı vəziyyətə düşsün. Rusiya üçtərəfli bəyanatı kobud sürətdə pozaraq 1200-1300 əsgər gətirməli olduğu halda, 10 minə yaxın əsgər gətirib və həmin əsgərlərlə birgə minlərlə mülki vətəndaş gətirib. Onların böyük hissəsi də Belarus vətəndaşlarıdır. Süni surətdə Xankəndi iqtisadi zonasında özünə bir rus icması formalaşdırır ki, Rusiya konstitutsiyasına görə həmin icmanın müdafiəsi adı altında orada mövcudluğunu təmin etsin. Ermənistan və Rusiya üçtərəfli bəyanatı icra etmədiyi üçün Azərbaycan dərhal silahsızlaşdırmanı və pasportlaşmanı həyata keçirməyə başlamalıdır. Əgər Rusiya sülhməramlı qüvvələri hər hansı şəkildə Azərbaycana qarşı çıxış edəcəksə də, Azərbaycan müharibə olsa belə Rusiyanın qarşısından qaçmamalıdır. Çünki Rusiya Azərbaycana, türk dünyasına və islam dünyasına qarşı ənənəvi düşmənçiliyini aparır. Görüşdən əvvəl Putin deyir ki, Vaşinqton variantı Ermənistanın əleyhinədir, ancaq biz elə variant təklif edirik ki, Ermənistanın xeyrinə olsun. Rusiya vasitəçidirsə, nəyə görə beynəxalq hüququn müddəalarını nəzərə almır, sadəcə Ermənistanın maraqlarını nəzərə alır. Bunun da səbəbi var. Paşinyanın rəhbərliyi altında Ermənistan çox böyük sürətlə Qərbə inteqrasiya edir. Rusiya Ermənistanı şirnikləndirir ki, prosesi dayandırsın.

Paşinyan da Rusiyanın təklif etdiyi 15 şərti qəbul etmək istəyirdi. Ancaq İlham Əliyev çox kəskin mövqedə dayandı. ABŞ-nin mövqeyi ilə İlham Əliyevin mövqeyi eynidir.

Azərbaycan birmənalı olaraq Şuşa bəyannaməsinə görə Türkiyə ilə vahid mövqedən çıxış edir. Zəngilan hava limanının açılışında Azərbaycan Türkiyə silahlı qüvvələrinin Azərbaycanda qalması ilə bağlı qərar qəbul etdi. Bu o deməkdir ki, Xankəndi iqtisadi zonasında Rusiya bizə qarşı hər hansısa bir addım atsa, qarşısında Türkiyə ordusunu görəcək. Rusiyanın ən radikal, şovinist, millətçi deputatları belə açıq deyir ki, Rusiya Türkiyə ilə müharibə edə bilməz. Ona görə də Soçidə Putin İlham Əliyevin mövqeyini dəyişdirməyə cəhd etmədi. Başa düşür ki, Azərbaycanla Türkiyə vahid mövqedən çıxış edir“.

Soçi görüşündə çətirlə çəkilən şəkillərin müzakirəsinə isə ADP sədri belə yanaşıb:

“Yağışlı havadır. Paşinyanla Putin eyni çətirin altında durub şəkil çəkdirir. Bu o deməkdir ki, Ermənistanla Rusiya bir yerdədir. İlham Əliyevlə Putin ayrı-ayrı çətirin altında şəkil çəkdiriblər. İlham Əliyevin çətirinin rəngi mavidir. Mavi rəng türkçülüyün simvoludur. İlham Əliyev mesaj verirdi ki, biz Rusiyanın yox, türk dünyasının, Türk Dövlətlər Birliyinin çətiri altındayıq”.

Səxavət Məmməd

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv