“Saakaşvilinin əsas məqsədi …”
“Saakaşvilinin əsas məqsədi hazırda Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdan ibarətdir”.
Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O, Saakaşvilinin hansısa qüvvələrin sifarişini yerinə yetirdiyini bildirib: “Saakaşvilinin özü hansısa qüvvələrin sifarişini yerinə yetirir. Onun dediklərinin hamısını ciddi bir şey kimi qəbul etmək düzgün deyil. Hazırda onun da arxasında heç kəs dayanmır. Vaxtı ilə xaricdə onu dəstəkləyən qüvvələr vardı. İndi də onun vasitəsilə mesajlar ötürmək istəyirdilər. Saakaşvilinin əsas məqsədi hazırda Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdan ibarətdir. Mən inanmıram ki, bizim rəhbərliyimiz buna gedə”. Politoloq Saakaşvilinin Azərbaycanın Rusiyaya qarşı ssenaridə yer almağa çalışdığını qeyd edib:
“O, “Madrid klubu”nun üzvüdür. Buna görə də onun üzvü olan keçmiş prezidentlər Azərbaycana gəlirlər. Bu, ənənəvi formatdır. Azərbaycanı da dialoq meydançası kimi saxlayırlar. Onlar cürbəcür insanlardır və müxtəlif fikir mübadiləsi aparırlar. Onunla Yuşşenkonun bir məqsədi var. Onların müəyyən rolları var və bunu prezident olanda da həyata keçirirdilər. Gürcüstan və Ukraynada biz onları gördük. Gürcüstan 20% torpağını Saakaşvilinin vaxtında itirib. İstəyirlər ki, Azərbaycan da bu ssenaridə iştirak etsin. İnanmıram ki, bu alınsın”.
Qeyd edək ki, Saakaşvili Azərbaycan mətbuatına müsahibəsində Putinin əsas məqsədinin Azərbaycanda hakimiyyət dəyişikliyi etmək, öz təsiri altına almaq niyyətində olduğunu bildirmişdi.
Xatırladaq ki, “Madrid klubu” bu il Gəncədə toplaşıb. O 2002-ci ildə təsis edilib. Qeyri-kommersiya təşkilatı olmaqla, hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyətləri, alim və işgüzar dünyanın nümayəndələri ilə birlikdə işləyir.
Klubun daha bir missiyası sosial-siyasi dəyişikliklər zamanı dialoqları genişləndirməkdir(axar.az).