Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yenicag.az xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı qadının 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin edilib.
İttihama görə, 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib, nəticədə N.Vəliyev ölüb.
Hadisəni törədən qadın Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.
Xatırladaq ki, ər və arvadın birgə nikahdan iki övladı var.
www.yenicag.az