“İndi Nemət Pənahlının kimin barəsində nə danışmağının heç bir əhəmiyyəti yoxdur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Dövlətçilik Partiyasının (AMD) sədri Nemət Pənahlının mərhum professor Xudu Məmmədovun ölümündə rolu olmadığını bildirdiyi Zərdüşt Əlizadə deyib.
Siyasi fəaliyyətləri dövründə Nemət Pənahlı ilə münasibətlərinin hər zaman gərgin olduğunu vurğulayan Zərdüşt Əlizadə bildirib ki, onun aradabir düz danışmağında qəribə heç nə yoxdur:
“Bu adam ömür boyu bizə qarşı böhtan və şantajla məşğul olub. Ancaq o da 98 faiz yalan deyəndə, heç olmasa 2 faiz də düz danışmağa məcburdur. Mənim haqqımda dediyi o fikirləri də bu iki faizin içindədir.
Ancaq Pənahlının Xudu Məmmədov məsələsində məni müdafiə etməsi ona münasibətimi dəyişmir. Neməti xalq hərəkatına sızdırılmış agent hesab edirəm və bu fikrimdə qalıram.
Təəssüf ki, biz Xalq Cəbhəsinin Təşəbbüs Mərkəzini yaradanda bəzi dostların təkidi ilə onu və digər şəxsləri quruma daxil etdik.
Onlar da əsil agent kimi davranaraq, hərəkatın mahiyyətini dəyişməyə, başqa don geydirməyə çalışdılar, aldıqları təlimatları yerinə yetirdilər. Sadəcə, həmin agent bu dəfə düz danışıb. Ancaq indi kimin barəsində nə danışmağının heç bir əhəmiyyəti yoxdur”.
Xatırladaq ki, bir müddət əvvəl mediada açılan müzakirələrdə 1988-ci ilin oktyabrında vəfat etmiş professor Xudu Məmmədovun ölümündə Zərdüşt Əlizadənin adı hallandırıldı.
İddia olunurdu ki, professor məhz Zərdüşt Əlizadə ilə mübahisədən sonra infarkt keçirərək, dünyasını dəyişib. Bu müzakirələrə qatılan Nemət Pənahlı isə Xudu Məmmədovun ölümündə Əlizadənin məsuliyyət daşımadığını bildirmişdi.
Araz Zeynalov
www.yenicag.az