Şahin Mustafayev Şabranda vətəndaşları qəbul etdi-Foto
Ölkə başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən vətəndaşların növbəti qəbulu fevralın 20-də Şabranda keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Siyəzən, Xızı və Şabran rayonlarından olan 80-dən çox vətəndaş müraciət edib.
Nazirlikdən verilən məlumata görə, vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kənd yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması, kənddə məktəb, tibb məntəqəsi və musiqi məktəbinin tikilməsi, məktəb və xəstəxana təmiri, kiçik xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı texnikasının alınması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapıb, digərlərinin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq, iri fermer təsərrüfatının yaradılması, meyvəçilik, arıçılıq, balıqçılıq, istixana təsərrüfatının yaradılması, mebel, tikinti materialları, keramik suvenir, boya istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Ümumilikdə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 28 vətəndaş qəbulu keçirilib, qəbullarda 1600-dən çox vətəndaş iştirak edib.