!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sarkisyanı belə “cəsarətləndirən” dünyanın xristian həmrəyliyidir” – Politoloq

!Reklam – Yazi

Ermənistan prezidenti Serj Sərkisyan İrəvanın Qarabağ münaqişəsinin həllində güzəştə getməyəcəyini deyib.

Yenicag.Az xəbər verir ki, Sərkisyan bu barədə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramına müsahibəsində deyib:

“Son 20 ildə biz heç vaxt güzəştlər barədə danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır.

Əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa, erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meyilləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz”.

Göründüyü kimi işğalçı Ermənistanın prezidenti yenə də aqressiv ritorika seçərək, güzəşt haqqında düşünmədiyini, konkret desək, Azərbaycanın zəbt olunmuş ərazilərini geri qaytarmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Rusiyanın bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırlaşdığını nəzərə alsaq, Sərkisyanın ehtimal olunan həmin görüşə də hansı “baqaj”la yollanacağını təxmin etmək çətin deyil. O halda, hələ də nəticə verməyən danışıqlar prosesini davam etdirib-etdirməmək məsələsi yenidən aktuallaşır.

Sərkisyanın məlum fikirlərini Yenicag.Az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, danışıqlar prosesində pozucu mövqe tutan Ermənistan prezidentini belə “cəsarətləndirən” dünyanın xristian təəssübkeşliyidir:

“Əslində, işğalçı bir ölkənin belə aqressiv fikir səsləndirməsi dünya ictimai rəyində neqativ təəssüratlar yaratmalıdır. Lakin təəssüf ki, Sərkisyanın bu davranışlarına, bəyanatlarına münasibətdə qınayıcı münasibətin şahidi deyilik.

Yəni dünyanın böyük hissəsi Ermənistanı hələ də işğalçı dövlət olaraq görüb, qəbul etmir. Hətta BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə, o sənədlərdə Ermənistanın işğalçı kimi göstərilməsi də adekvat rəy yaratmır. Bu isə istər-istəməz xristian həmrəyliyi faktoru haqqında danışmağa əsas verir.

Hər halda, Sərkisyanı belə “cəsarətləndirən” məhz dediyimiz xristian həmrəyliyidir. Yoxsa, Ermənistanı stimullaşdıran dövlətlər İrəvanı çoxdan beynəlxalq hüquq normalarına əməl etməyə çağırardılar.

Sərkisyan həmin müsahibəsində yenə kompromisdən danışır. Anlamaq olmur, ərazi bütövlüyü pozulan Azərbaycan daha hansı güzəştlərə getməlidir? Bakı Qarabağ ermənilərinə ən yüksək muxtariyyat statusu verməyə hazır olduğunu bəyan edib. Qarabağ erməniləri isə ya müstəqil dövlət olmağı, ya da Ermənistana birləşməyi tələb edirlər. Yəni ermənilər ikinci dəfə öz müqəddəratlarını təyin etmək iddiasındadırlar.

Ancaq Azərbaycan prezidenti qəti şəkildə bildirib ki, Azərbaycanın tarixi torpaqlarında Ermənistanın yaradılması ilə ermənilər öz müqəddəratlarını təyin ediblər. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmağına imkan verilməyəcək.

Danışıqlar prosesinin mümkün gedişatına gəldikdə isə aydındır ki, Sərkisyanın belə fikirlər səsləndirməsi münaqişənin dinc yolla həlli imkanlarını xeyli məhdudlaşdırır”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv