Şəbnəmdən İDDİALI AÇIQLAMA: “Sənətim olduğu üçün qalmaqala ehtiyac duymuram”
“Buna qadağa deməzdim bəzi ifaçılara verilən bir töhmət kimi dəyərləndirirəm”.
Bu sözləri müğənni Şəbnəm Tovuzlu Yenicag.az-a açıqlamasında son vaxtlar bəzi şou-biznes nümayəndələrinə tətbiq edilən efir qadağaları ilə bağlı fikirlərini bölüşərkən deyib.
Sənətçi bu addımı müsbət qiymətləndirdiyini bildirib:
“Əslində bu, danışığına, davranışına və efir qaydalarına riayət etməyən sənətçilərə verilən bir xəbərdarlıqdır. Belə də olmalı idi… Əks halda, bu xoşagəlməz vəziyyət hələ çox davam edəcəkdi. Efir bir güzgüdür və sənət nümayişi üçündür; bu meydanda yalnız yaradıcılıq sərgilənməlidir”.
“Ümumiyyətlə, qalmaqal adamı deyiləm” deyən müğənni, bəzən istəmədən belə situasiyalara çəkildiyini təəssüflə qeyd edib:
“Hər zaman qalmaqallardan uzaq durmağa çalışmışam. Sadəcə, bəzən mənə ünvanlanan suallar istər-istəməz bura gətirib çıxarır. Baxmayaraq ki, aparıcılara da hər dəfə deyirəm: mən qalmaqal sevən biri deyiləm. Tamaşaçılar da bunu kənardan görür. İstəyirəm ki, efirə çıxanda yalnız mahnılarımdan və yaradıcılıq yeniliklərimdən danışım. Sənətim var, daim repertuarım üzərində işləyirəm. Niyə qalmaqalla gündəmə gəlməliyəm ki? Buna ehtiyacım yoxdur. Tamaşaçılarım məni mahnılarıma görə sevir, onlara sənətim maraqlıdır, qalmaqal yox. Efirə həmişə yeni mahnılarla çıxıram. Üstəlik, tez-tez verilişlərə qatılmağa vaxtım da yoxdur”.
Sənətçi ən son yenilikləri haqqında da məlumat verib:
“Əməkdar incəsənət xadimi, sevilən şairimiz Baba Vəziroğlunun sözlərinə bəstələnmiş silsilə mahnılar yazdırmışam. Artıq bu əsərləri sevənlərimlə bölüşürəm. Eyni zamanda, türkiyəli məşhurlarla da yeni ortaq layihələrimiz gözlənilir”.
Cəvahir













