Şəkinin Baş Zəyzid kəndində tragikomik vəziyyət yaranıb. Qış yuxusundan ayılmış ayılar armud həvəsiylə yox, inəkləri parçalayıb qarın doydurmaq üçün bu kəndi hədəf seçiblər.
Yenicag.az xəbər verir ki, hava qaralan kimi ayılar dağdan kəndə düşərək həyətyanı sahalərdə gəzişir, əlinə düşəni yeyir.
Bu vəhşi heyvanların əlindən camaat malını yox, yalnız öz canını qoruya bilir.
Əsgər Ramazanov – Sakin: “Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.
Sakinlərin sözlərinə görə, son bir ayda 30-a yaxın iri buynuzlu mal-qara ayı hücumuna məruz qalıb. Son bir həftədə isə 8 baş iri buynuzlu heyvan ayıların qurbanına çevrilib. Ayıların öldürülməsi qanunla qadağan edildiyinə görə, sakinlər heç bir yerə müraciət etmədiklərini deyirlər.
Ağalar Rəsulov – Sakin: “Bu il ayı lap çoxalıb, saysız hesabsızdır. Biz dövlətdən yardım istəyirik ki, buna bir çarə qılaq”.
Mövcud problem sakinləri hər il narahat edir. Amma bu il problem daha da dərinləşib. Sakinlərin sözlərinə görə son bir ildə 30-a yaxın mal-qara ayı hücumuna məruz qalıb. Son bir həftədə isə 8 baş iribuynuzlu heyvan ayıların qurbanına çevrilib.
İsmayıl Lətifov – Sakin: “Mal-qara saxlayırıq. Ayılar yeyir”.
Ağəli Səmədov – Sakin: “Gecə gəlmədi inək evə, səhər axtarmağa çıxdıq. Gördük ki, inəkdən bircə baş qalıb. Hardasa 1500 manat ziyan dəyib”.
Dağların ətəyində örüş sahəsi olmadığından mal-qara əsasən dağda otlayır. Sakinlər isə mal-qaranı daim nəzarətdə saxlaya bilmədiklərini deyirlər.
İsmayıl Lətifov – Sakin: “Buralarda mal-qara üçün otlamağa yer yoxdur. Dağ da boş meşədi, ora getməlidir otlamağa. Özümüz qorxuruq ora getməyə”.
Ayıların öldürülməsi qanunla qadağandır. Buna görə də sakinlər məsələyə baxılmasını istəyirlər.
Ağalar Rəsulov – Sakin: “Qadağandı ayı vurmaq. Sayı da çoxalıb. Adamlara da hücum edir. 3 nəfəri yaralayıb”.
Əsgər Ramazanov – Sakin: “Gündüz adam olur, qorxub qaçır dağa. Gecə vaxtı ayılar hamısı kənddədir”.
Sığorta şirkətləri vəhşi heyvanların öldürdüyü mal-qaraya görə pul ödəmədiyindən sakinlər maddi ziyanlarını qarşılaya bilmirlər
Ağəli Səmədov – Sakin: “Deyirlər ki, inəyi ayı yeyəndə səğorta verilmir. Ona görə də heç kim maraqlanmır bununla”.
Vəziyyət belə davam edərsə, sakinlərə dəyən maddi ziyan arta bilər.
www.yenicag.az