“Səni “kriminal”da göstərəcəklər”-psixoloq
Hər gün Kütləvi İnformasiya Vasitələrində cinayət xəbərlərinin şahidi oluruq. Artıq adi hal alıb. Dəfələrlə bu mövzu barədə bu və ya digər formada, yazılar və müzakirələr getsə də, lakin birmənalı olaraq həll yolu tapılmayıb. Sosial şəbəkələrdə intihar xəbərlərini tez-tez oxuyuruq.
Bütün bu olanların da mənfi məcraya getdiyini çox yaxşı dərk edirik.
Məsələ ilə bağlı “Cinayət halların artmasında KİV-in rolu varmı?” sualı psixoloqlara müraciət etdik.
Psixoloq Vəfa Əkbər Yenicag üçün problemi bu cür şərh etdi: “Həyat fəaliyyətində uğursuzluqlara düçar olan insanlar, daim bu və ya digər sahədə önə gedənləri gördükdə müəyyən psixoloji gərginlik yaşayırlar. Nəticədə istədikləri həyatı yaşaya bilmirlər.
Sosial şəraitin də burada böyük rolu var. Əgər biz özümüzü cəmiyyətlə müqayisə ediriksə və aşağı təbəqədə yer tuturuqsa bu ən başlıca kompleksdir. Bunu da natamamlıq kompleksi kimi izah etmək olar. İnsan daim özünü aşağı görür, nəticədə dözə bilmir və müxtəlif cinayətlərə əl ataraq öz aqresiyyasını çıxarır.
Digər təəssüf doğurucu hal isə kütləvi informasiya vasitələrində cinayət xəbərlərinin ön plana çıxmasıdır. KİV-lər həddən ziyadə insan psixologiyasına təsir göstərir. İradəsi zəif olan insanlar düşünürlər ki, “Filankəs öldü və canını qurtardı. Mən də edə bilərəm, burda nə var ki”. Buna qarşı müəyyən tədbirlər görülsə, hətta sui-qəsd təşəbbüsünə qarşı da hər hansı cəza mexanizmi yaradılsa müsbət nəticələr əldə edə bilərik.
2-ci variant hər daim dediyim məsələ-reabilitasiya şöbələri olmalıdır. Reabilitasiya şöbələri bu cür insanların adaptasiyasına xidmət etməlidir. Yəni, insanlar müəyyən bir problem keçirtdikcə, gərgin olduqda bu reabilitasiya şöbələrinə müraciət etməlidir. Təbii ki, şöbələr ödənişsiz olmalıdır.Müalicə dövlət vəsaiti hesabına həyata keçirliməlidir”.
Psixoloq Ramil Nəcəfli isə vəziyyəti belə dəyərləndirdi: “Mən şəxsən öz müşahidələrimdə gənclərin bir-birinə “Səni kriminalda göstərəcəklər”, “Axırda kriminal” verlişinə düşəcəm və sair bu qəbildən sözlər işlətdiyini görürəm. Elə bil bir çoxları fəxr edir ki, elədiyi kriminal əməllərinə görə dilə-dişə düşsün. Sanki ad san qazanırmış kimi imicdir guya. Bu avtoxuliqanlarda və digərlərində daha çox özünü göstərir. KİV-lər istər istəməz kriminal ünsürlərin fəallaşmasına, öz çirkin niyyətlərini gerçəkləşməsinə səbəb olurlar. Televiziyalar, xəbər portalları xəbər yayır. Ancaq bir çox kriminal xəbərlər əks effekt verir”.
Kamran