Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenicag.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, qətlə yetirdiyi qadınla rəsmi nikahda olmasa da, dini kəbinləri olub və 2009-cu ildən birlikdə yaşayıblar. F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib. Onun sözlərinə görə, arvadının başqa şəxslə münasibəti olduğunu öyrənib və bu barədə qadının qardaşına deyib. Qardaşı isə özü bacısını cəzalandıracağını deyib. Bundan sonra tərəflər ayrı yaşayıb.
Hadisə barədə danışan təqsirləndirilən bildirib ki, hadisə günü arvadını öldürmək niyyəti olmayıb: “Həmin gün Xavər işlədiyi xəstəxanaya həkimə getmişdim. Həkim orada olmadığına görə, qayıtmaq istəyəndə Xavər məni arxadan çağırdı. Aramızda söhbət zamanı o günahını etiraf etdi. Bundan sonrasını, onu bıçaqla necə vurmağımı xatırlamıram”.
Hakim bildirib ki, onun istintaqa ifadəsi ilə dedikləri ziddiyyət yaradır. Belə ki, istintaq ifadəsində qadının saçından tutaraq otluğa uzatması və boynunu kəsməsi barədə deyib.
Təqsirləndirilən isə hadisəni dəqiq xatırlamadığını vurğulayıb.
Proses noyabrın 26-da davam edəcək.
İttihama görə, bu il iyunun 10-da 1978-ci il təvəllüdlü İbrahimova Xavər Arif qızı işlədiyi Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həyətində dini nikahlı əri 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu tərəfindən bıçaqla qətlə yetirilib.
Faiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
www.yenicag.az