SOCAR-ın bankı kəskin gerilədi – Sahibkarlar Azər Türk Banka niyə etibar etmir?

media-hightechnic-468x90

 

Azər Türk Bank 2025-ci ilin IV rübünü 10 milyon 131 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 177 min manat və ya 52,5% azdır.

Faiz gəlirləri artsa da, xərclər daha sürətlə yüksəlib

2025-ci ildə bankın faiz gəlirləri 126 milyon 760 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 19 milyon 539 min manat və ya 18,2% artım deməkdir. Lakin eyni dövrdə faiz xərcləri 35,8% artaraq 64 milyon 855 min manata çatıb ki, bu da gəlirlərin artım tempini üstələyib.

Depozit faizləri xərclərin əsas yükünü təşkil edir

Xərclərin strukturunda əsas pay depozitlər üzrə faiz ödənişlərinə düşüb. Bu istiqamətdə xərclər 31,9% artaraq 55 milyon 871 min manat olub. Cəlb edilmiş kreditlər üzrə faiz xərcləri isə 11,7% artaraq 4 milyon 819 min manata yüksəlib.

Qeyri-faiz xərcləri artmaqda davam edir

Bankın qeyri-faiz xərcləri 2025-ci ilin IV rübündə 78 milyon 329 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artım göstərib.

Kredit portfelində azalma müşahidə olunur

2025-ci ilin sonuna bankın müştərilərə verdiyi kreditlərin həcmi 787 milyon 352 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 541 min manat və ya 1,6% azalma deməkdir.

Biznes kreditlərində daha kəskin geriləmə

Kredit portfelinin əsas istiqaməti olan biznes kreditləri üzrə azalma daha nəzərəçarpan olub. Belə ki, 2024-cü ildə 311 milyon 817 min manat təşkil edən biznes kreditləri 2025-ci ildə 252 milyon 503 min manata enib. Nəticədə bu sahədə kreditlər 59 milyon 314 min manat və ya 19% azalıb.

Dövlət mənbələrindən asılılıq artır

Öhdəliklər üzrə göstəricilərə əsasən, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 7,5% artaraq 205 milyon 958 min manata çatıb. Eyni zamanda, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 13,9% azalaraq 243 milyon 891 min manat olub.

Açıqlanan maliyyə göstəriciləri göstərir ki, Azər Türk Bankda gəlirlərin artımı real nəticə yaratmır və bu artım xərclərin daha sürətlə yüksəlməsi fonunda faktiki olaraq əhəmiyyətini itirir. Faiz gəlirlərində müşahidə olunan artım bankın maliyyə vəziyyətini gücləndirmək əvəzinə, idarəolunmayan xərclər səbəbindən mənfəətə çevrilə bilmir.

Xüsusilə faiz və qeyri-faiz xərclərinin paralel şəkildə artması bankın xərc nəzarətində ciddi problemlər yaşadığını ortaya qoyur. Gəlirlərin artdığı bir şəraitdə xərclərin daha yüksək templə yüksəlməsi əməliyyat səmərəliliyinin zəiflədiyini və bankın mövcud resurslardan effektiv istifadə etmədiyini göstərir.

Eyni zamanda, kreditləşmə aktivliyində müşahidə olunan azalma, xüsusilə biznes kreditləri üzrə kəskin geriləmə, bankın real sektorla əlaqələrinin zəiflədiyini açıq şəkildə ortaya çıxarır. Biznes kreditlərinin azalması bankın riskdən yayınaraq əsas funksiyalarından biri olan sahibkarlığın maliyyələşdirilməsindən geri çəkildiyini göstərir.

Bu mənzərə Azər Türk Bankın gəlir artıran aktiv bank modelindən, xərcləri artan və kredit verməkdə ehtiyatlı davranan passiv maliyyə qurumuna çevrildiyini göstərir. Mövcud tendensiya davam edərsə, bankın maliyyə göstəricilərindəki bu mənfi dinamikanın daha da dərinləşəcəyi istisna edilmir.

Qeyd edək ki, bu bankın əsas səhmdarı 51 faiz səhmlə SOCAR-dır (Azərbaycan Dövlət Neft Şirkəti).

İqtisadiyyat şöbəsi

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa