Sublimasiya olunmuş qidalar: Trend, yoxsa təhlükə? – Qida ekspertindən xəbərdarlıq
Sosial şəbəkələrdə geniş şəkildə reklam olunan sublimasiya olunmuş qidaların insan sağlamlığına təsiri ilə bağlı müzakirələr artıb. Xüsusilə “quru dondurma” kimi tanınan məhsulların təhlükəli olub-olmaması suallar doğurur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib ki, sublimasiya olunmuş məhsullar ümumilikdə zərərli hesab olunmasa da, bu sahədə əsas məsələ gigiyenik qaydalara əməl olunmasıdır:
“Sublimasiya olunmuş məhsullar geniş yayılıb və bunları birbaşa insan sağlamlığı üçün son dərəcə təhlükəli məhsullar kimi qiymətləndirmək düzgün olmaz. Lakin burada əsas məsələ istehsal və saxlanma zamanı sanitar-gigiyenik qaydalara necə əməl olunmasıdır. Son dövrlərdə sosial şəbəkələrdə bu məhsulların, xüsusilə quru dondurmaların aktiv reklamını görürük. Amma istehsal prosesində hər hansı nöqsan olarsa, bu cür məhsullar risk yarada bilər”.
Ekspert bildirib ki, sublimasiya prosesi məhsulun tərkibindəki suyun xüsusi üsulla çıxarılması ilə həyata keçirilir və bu, qidanın uzun müddət saxlanmasına imkan verir:
“Sublimasiya zamanı məhsul vakuum şəraitində qurudulur, tərkibindəki su birbaşa buxara çevrilərək çıxarılır. Bu, bakteriyaların çoxalmasının qarşısını alır. Amma vacib məqam ondan ibarətdir ki, bu proses bakteriyaları tam məhv etmir. Əgər məhsul əvvəlcədən çirklidirsə, həmin mikroorqanizmlər qurudulmuş vəziyyətdə qalır”.
İlkin Şirinovun sözlərinə görə, belə məhsullar düzgün saxlanılmadıqda yenidən təhlükə mənbəyinə çevrilə bilər:
“Əgər saxlanma şəraitində rütubət artarsa və məhsul yenidən nəmlənərsə, əvvəlcədən mövcud olan bakteriyalar – məsələn, E. coli və ya Listeria kimi mikroorqanizmlər aktivləşərək çoxalmağa başlaya bilər. Bu isə insan sağlamlığı üçün ciddi risk yaradır. Avadanlıqların dezinfeksiyası, işçi heyətin gigiyenik qaydalara əməl etməsi və düzgün qablaşdırma prosesi əsas şərtlərdir. Əgər bu tələblər pozularsa, məhsulun mikrobioloji təhlükəsi artır”.
Samir Məcid













