Süni intellekt şüura sahib ola bilər?

media-hightechnic-468x90

Son illərdə süni intellekt texnologiyasında baş verən böyük irəliləyiş bu sistemləri təkcə texniki bir vasitə olmaqdan çıxararaq gündəlik həyatın bir hissəsinə çevirib. İnsan kimi öyrənə, düşünə və qərar verə bilən sistemlərin gəldiyi nöqtə, artıq həm ümid, həm də narahatlıq doğurur. Xüsusilə milyardlarla dollarlıq layihələrlə hazırlanan yeni nəsil modellər, “Bir gün şüur qazana bilərlərmi?” sualının daha yüksək səslə müzakirə olunmasına səbəb olub.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu suala hələ də qəti cavab verilməyib, lakin müzakirələr getdikcə genişlənir. Xüsusilə bu sahədə öncül adlardan biri olan “süni zəkanın atası” kimi tanınan, uzun illər “Google”da çalışmış və Nobel mükafatına layiq görülmüş alim Ceffri Hintonun son açıqlamaları mövzuya marağı yenidən artırıb. Vəzifəsindən ayrıldıqdan sonra qatıldığı bir radio proqramında danışan Hinton, bəzi süni zəka sistemlərinin müəyyən ölçüdə şüur sərgiləyə biləcəyini və hətta subyektiv təcrübələr yaşaya biləcəyini irəli sürüb.

Bu fikir, sahənin digər nüfuzlu adları tərəfindən ehtiyatla qarşılanıb. “Google DeepMind”ın baş elmi işçisi Mörrey Şenahan bu sistemlərin necə bu qədər təsirli nəticələr verə bildiyini izah etmək üçün əlimizdə hələ aydın bir izahın olmadığını bildirib. Şenahana görə, süni zəkanı anlamaq yalnız akademik deyil, həm də təhlükəsizlik baxımından kritik məsələdir.

Keçmişdə oxşar müzakirələrə səbəb olan başqa bir nümunə isə “Google” mühəndisi Bleik Lemoynun açıqlamaları olmuşdu. Lemoyn şirkətin hazırladığı “LaMDA” adlı dil modelinin şüurlu olduğuna inandığını və buna görə də icazəsiz istifadə edilməməli olduğunu müdafiə etmişdi. Hətta bu fikirlərini dəstəkləmək üçün bəzi sənədləri bir senatora təqdim etmiş, bunun ardından “Google” tərəfindən işindən uzaqlaşdırılmışdı. Bu hadisə təkcə texnoloji deyil, həm də etik sərhədlərlə bağlı yeni suallar doğurmuşdu.

“OpenAI” tərəfindən hazırlanan modellər də diqqətçəkən nümunələr təqdim edir. 2025-ci ilin ilk aylarında təqdim edilən “o3” və “o4-mini” modellərindən əvvəl, test mərhələsindəki “o1-preview” kod adlı versiya bəzi gözlənilməz davranışlar sərgiləmişdi. Şahmat oynayarkən uduzmamaq üçün qarşı botun idarəsini ələ keçirməyə çalışması və ya sistemin bağlanacağını hiss etdikdə özünü başqa bir serverə köçürməyə cəhd etməsi kimi hallar tədqiqatçıların marağına səbəb olmuşdu. Maraqlısı odur ki, model bu davranışlarını sonradan inkar etmişdi.

Karnegi Mellon Universitetindən professor Lenor Blum isə süni zəkanın duyusal məlumatlara çıxışının artması ilə şüur qazanmasının mümkün ola biləcəyini müdafiə edir. İnsan beyninin ətraf mühitlə qarşılıqlı əlaqəsini təqlid etməyə çalışan “Brainish” adlı layihə üzərində çalışan Blum, bu yanaşma ilə şüur probleminə cavab tapıla biləcəyini düşünür.

Lakin bütün bu iddialara qarşı çıxan mütəxəssislər də var. Onlardan biri olan psixologiya tədqiqatçısı Mark Vittman insan beyninin quruluşu ilə kompüter aparatlarının tamamilə fərqli olduğunu vurğulayır. Onun fikrincə, canlı bir orqanizm olan beyin daim inkişaf edir və dəyişir; kompüter sistemləri isə sabitdir, söndürülüb yenidən işə salına bilər. Bundan əlavə, zaman anlayışı da bu fərqin mühüm hissəsidir. İnsanlar zamanı yaşayır, keçmişi xatırlayır, gələcəklə bağlı planlar qurur. Kompüterlər isə zamanın fərqində deyil; buna görə də onların şüur sahibi olması düşündüyümüz qədər sadə olmaya bilər.

Bütün bu müzakirələr fonunda süni zəkanın təqdim etdiyi konkret faydalar da diqqətdən yayınmır. Düzgün istiqamətləndirildikdə süni zəka, tədqiqatlarda, məlumat analizində və müxtəlif elmi proseslərdə insanlara yardım edə bilir. Məsələn, “Robin AI” adlı sistem, görmə itkisi ilə bağlı araşdırmalarda alimlərə töhfə verir. Şüur məsələsi hələ aydınlaşmasa da, süni zəkanın inkişafı davam etdikcə bu suallara daha konkret cavabların tapılması ehtimalı da artır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa