Talibanın siyasi ofisinin yenidən açılması razılaşdırılıb
Əfqanıstanın hökumət rəsmiləri və Taliban üzvləri yaraqlıların danışıqlar üçün siyasi ofis açmasına dair razılıq əldə ediblər. Mayın 4-də Qatarda iki günlük danışıqların nəticəsində bəyanat verilib. “Qeyri-rəsmi” görüşə Taliban təmsilçiləri, Əfqanıstanın hökumət fiqurları və BMT nümayəndələri qatılıb.
Tərəflər razılaşıblar ki, Taliban Qatarda siyasi ofisini yenidən açsın. Bu məsələ 2013-cü ildə mübahisə yaratmışdı.
Taliban təmsilçisi Reuters agentliyinə deyib ki, atəşkəsə əsas maneə üzrə heç bir irəliləyiş əldə olunmayıb. Bu maneə ölkədə 10 minlik ABŞ hərbi təlimçisi və antiterror qüvvələrinin qalmasıdır. Taliban deyir ki, bütün xarici qüvvələr Əfqanıstandan çıxmayanadək döyüşü dayandırmayacaq.
Əfqanıstanın yeni prezidenti Əşrəf Qəni ötən il vəzifəyə gələndən danışıqları prioritet elan edib.