“Çoğrafi baxımdan o qədər də böyük olmayan ölkənin yüksək nüfuza sahib olmağı, dünya arenasında meydan oxumağı yalnız İlham Əliyevin xidmətidir”.
Bu fikirləri 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşən tanınmış aparıcı Saleh Bağırov Yenicag.az-a açıqlamasında deyib.
O, qarşıdan gələn seçkilərdə yeganə namizədinin İlham Əliyev olduğunu bildirib:
“Təbii ki mən bir Azərbaycan vətəndaşı kimi, hər zaman prezident seçkilərində iştirak etmişəm, bu dəfə də birmənalı olaraq iştirak edəcəm. Seçimim əlbəttə ki alternativsiz, şəkk-şübhəsiz, heç bir qarşılıqlı variant olmadan bizim Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Birmənalı olaraq.
Bunun da xüsusi izaha ehtiyacı yoxdur, çünki görünən dağa nə bələdçi. Hər şey göz önündədir. Bu gün dünya öz mizanından tamamilə çıxıb və xaos içindədir. Bu saysız-hesabsız ölüm-itimlərin, qlobal xaos fonunda, sabahı bəlli olmayan gələcəyin içində biz sabit şəkildə həyatımızı yaşayıb, ömrümüzü sürürüksə, sakit ölkədə, sakit şəkildə işimiz-peşəmiz, ailəmiz, övladlarımızla məşğul ola biliriksə, bunun qarantı yalnız İlham Əliyevdir.
Bugünkü gərgin dünyada baş verən proseslərin fonunda təkcə bu ölkəni bu cür sakit, sabit saxlamaq, sadəcə, istedad və siyasi bacarıq deyil. Bu, Allahdan bir lütf, bir vergidir ki, bizə bəxş olunub. İlham Əliyev güclü siyasi liderdir. Dünyada sözünü dedi. Yatıb yuxuda belə görmədiyimiz Qarabağ problemini həll etdi. Bu, ikinci səbəb.
Bəlkə də 30 il müddətində hamı əlini üzmüşdü, hamı deyirdi, daha getdi o torpaqlar, geri qayıtmayacaq. Amma cənab Prezident özü axırda bir cümlə ilə “nəyi nə zaman edəcəyimi dəqiq və gözəl bilirəm” dedi və hər şeyi yerinə qoydu. Bu gün fateh sərkərdə sözünü elə belə demirik. İlham Əliyev Qarabağı qaytarmaqla, Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etdi. Bununla da adını tarixə yazdı.
Mənim seçimim yalnız cənab Prezident olacaq. Güvənimizin, xoşbəxt sabahımızın, azadlığımızın qarantı İlham Əliyevdir. Bu gün dünya bizimlə hesablaşır, dünya bizim səsimizi, sözümüzü, qərarımızı gözləyir. Çoğrafi baxımdan o qədər də böyük olmayan ölkənin yüksək nüfuza sahib olmağı, dünya arenasında meydan oxumağı yalnız İlham Əliyevin xidmətidir”.
Cəvahir
www.yenicag.az