Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s) üçün veriləcək.
Yenicag.az xəbər verir ki, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qeyd olunub ki, təhsil kreditlərinin mənbələri dövlət büdcəsindən ayrılan vəsait, banklar tərəfindən ayrılan öz vəsaitləri, işəgötürənlər tərəfindən ayrılan vəsait, beynəlxalq maliyyə qurumlarının mənbələrindən, zəmanət verilən kredit təşkilatlarının mənbələrindən ayrılan vəsait, qanunvericilikdə qadağan edilməyən digər mənbələrdən ayrılan vəsaitdir.
Layihəyə əsasən, təhsil kreditlərinin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Təhsil kreditinin məbləği və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər tədris ili üçün illik təhsil haqqı və təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s.) məqsədi ilə də verilə bilər.
Təhsilalanların təhsillə əlaqədar xərclərinin tam ödənilməsi üçün təhsil kreditinin orta aylıq məbləği hər tədris ilinə görə inflyasiya və indeksasiya nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd olunur ki, tədris ilinin başlamasından 5 iş günündən gec olmayaraq təhsil krediti verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qurum tərəfindən müsabiqə elan edilir. Təhsil krediti almaq üçün təhsialanların müraciəti 5 iş günündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilərək ekspertizadan keçirilir. Kreditin verilib-verilməməsi barədə qərar və müvəkkil bankların siyahısı yazılı formada müraciət etmiş təhsilalana bildirilir, həmçinin qərar rəsmi saytda yerləşdirilir.
Təhsilalanlar təhsil kreditinin istifadəsi və qaytarılması ilə bağlı hüquq və vəzifələri tənzimləyən təhsil krediti müqaviləsi bağlanılır. Təhsialan təhsil krediti üzrə hesablanan faizi təhsil krediti müqaviləsində göstərilmiş faizlə ödəyir. Kreditin qaytarılma müddəti kreditin istifadə müddətinin iki dəfəsindən az və 20 ildən çox ola bilməz. Təhsialan təhsil kreditini müəyyən edilmiş müddətdən əvvəl də qaytara bilər və bu halda krediti qaytardığı gündən sonrakı dövrə hesablanmış faizləri ödəməkdən azaddır.
Təhsil krediti təhsilalanla bağlanmış müqavilə əsasında onun təhsil aldığı müəssisə vasitəsilə ödənilir. Təhsilini başa vuran və 6 ay müddətindən gec olmayaraq işə başlamaq üçün əmək müqaviləsi bağlayan məzuna onun müraciəti əsasında təhsil kreditinin qaytarılması üçün əlavə müddət və güzəşt tətbiq edilə bilər.
Təhsil krediti almış təhsilalan həqiqi hərbi xidmətdə, analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi (ağır xəstə olduğu) müddətdə ona kreditin ödənilməsində əlavə möhlət verilir.
Qanun layihəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq bir dəfə təhsil krediti almaq hüququndan istifadə etmiş təhsilalanların ikinci dəfə təhsil krediti almaq hüququ yoxdur.
Təhsilalan ali təhsil müəssisəsində təhsil müddəti bitdikdən sonra əmək fəaliyyətinə başlamışdırsa, qanunvericiliklə müəyyən edilmiş müddətdən başlayaraq və ya 2 ildən gec olmayaraq kredit borcunu ödəməyə başlamalıdır.
Təhsil krediti üzrə faizlər təhsil müddəti və təhsili başa vurduqdan sonrakı 2 il üçün hesablanmır. Bu faizlər büdcə vəsaitləri hesabına ödənilir.
Təhsil krediti üzrə faizlər hər ay ümumi təhsil krediti məbləğinin qalığından (ödənilməmiş məbləğindən) hesablanır.
Təhsil müddətində əlaçı olmuş, təhsildə bir il itirməyən təhsilalan müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadə etdiyi təhsil kreditini və ya onun bir hissəsini ödəmək öhdəliyindən azad edilir.
Beynəlxalq olimpiada, müsabiqə (incəsənətə aid ixtisaslar üzrə təhsil aldıqda) və yarışlarda (idman sahəsində təhsil aldıqda) ilk üç yerdən birini qazanan, təhsil müddətində davamlı olaraq əla, ümumi uğur qazanmış, bu qanunla müəyyən edilmiş şərtlər daxilində son dərəcə istedadlı təhsilalanlara təhsil kreditləri əvəzsiz verilir.
Təhsil krediti təhsilalana ali təhsilin bütün səviyyələrində təhsilini davam etdirmək üçün ardıcıl surətdə verilə bilər.
Təhsilalan təhsil krediti müqaviləsinin qüvvədə olduğu müddətdə təhsil müəssisəsindən xaric edildikdə, aldığı kreditin və kreditə hesablanmış faizlərin təhsil krediti müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılması ondan tələb edilə bilər.
Təhsil kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil Krediti Reyestri yaradılır və “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulur.
www.yenicag.az