Azərbaycandakı türk iş adamlarını birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) ölkəmizi dünya miqyasında tanıdacaq və bir ilk sayılacaq layihəyə imza atıb.
Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunan tam fərqli lahiyənin memarı TÜİB sədri Hüseyin Büyükfıratdır. Belə ki, H.Büyükfıratın təşkilatçılığı ilə Türkiyədə çəkilən məşhur televiziya seriallarında Azərbaycanın təbliğatına start verilib.
Qeyd edək ki, Türkiyədə istehsal edilən televiziya serialları təkcə ölkə daxilində deyil, bütün dünyada nümayiş etdirilir və inanılmaz populyarlıq qazanıb. Hazırda türk serialları ərəb və körfəz ölkələri, MDB və Şərqi Avropa ölkələrində seyr edilir və bu ölkələrdə böyük təsirə malikdir.
Azərbaycanın bu seriallarda yer alması və təbliğatı isə ölkəmizə Türkiyə ilə yanaşı, ətraf ölkələrin də diqqətinin artmasına, Azərbaycan, onun tarixi, tarixi şəxsiyyətləri haqqında məlumatların yayılmasına, ölkəmizin potensialının nmayiş olunmasına şərait yaradır.
Bu layihədə ilk belə addım Türkiyənin dövlət telekanalı olan TRT-nin ən reytinqli seriallarından biri olan “Payitaht Abdülhamid” serialında atılıb. Serialda Azərbaycanın tarixi şəxsiyyəti, məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev canlandırılıb. Serialın bu həftə yayımlanan 51-ci bölümündə Azərbaycanın xeyriyyəçi milyoneri Hacı Zeynalabdin Tağıyev Türkiyə sultanı II Abdulhəmid ilə bir araya gələrək və ona Azərbaycan türkcəsinə tərcümə olunmuş Quran-i Kərim hədiyyə edir. Bu səhnədə H.Z.Tağıyevin obrazını Türkiyənin tanınmış aktyoru Ahmet Bilgin canlandırıb.
Elə həmin səhnədə digər bir rolu Urfalı iş adamı Hüseyin Büyükfırat oynayıb. Tarixi faktlara əsaslanaraq çəkilən bu səhnədə Hacı Zeynalabdin Tağıyevin hədiyyəsini Abdulhəmid Sultana serialda rol almış TÜİB sədri Hüseyin Büyükfırat təqdim edir.
Bu layihə davam edir və Türkiyənin digər tanınmış seriallarında da Azərbaycanla bağlı səhnələr yer alacaq. Burada ölkəmizin tarixi, mədəniyyəti, tarixi xadimləri, ölkəmizdə yer alan tarixi hadisələr, eləcə də müasir Azərbaycan, onun potensialı, o cümlədən turizm imkanları təbliğ olunacaq.
TÜİB hesab edir ki, Azərbaycanın qardaş Türkiyədə və ətraf regionlarda təbliği ilə bağlı bu layihə ölkəmizin regionda və dünyada tanınmasında böyük rol oynayacaq.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azərbaycan və Türkiyə əlaqələrinə böyük müsbət təsir edəcək anoloji layihələri bundan sonra da davam etdirəcək.
Xatırladaq ki, TÜİB-in imza atdığı layihələrdən biri bu il fevral ayında reallaşıb. Belə ki, TÜİB sədri Hüseyin Büyükfıratın iştirakı ilə Xocalı soyqırımı ilə əlaqəli həyata keçirdiyi layihələr çərçivəsində Türkiyədə silsilə tədbirlər keçirilib, Xocalı həqiqətləri dünyaya çatdırılıb. Eləcə də soyqırım qurbanlarının ailə üzvləri Türkiyədə ən yüksək səviyyədə qəbul edilib, onların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü təşkil edilib.
Sıralarında Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, şirkətləri və idarəçilərini birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) 2016-cı ilin sonlarından fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq TÜİB Türkiyə və Azərbaycan arasında münasibətlərin genişlənməsinə, biznes və dövlət qurumları arasında əlaqələrin güclənməsi, eləcə də, Azərbaycanın iqtisadi imkanlarının təbliği üçün ciddi layihələr reallaşdırır.
www.yenicag.az