Turizmi çökdürən Yaxın Şərq BÖHRANI: “Gözləmə növqeyi” nə vaxt BİTƏCƏK?
“Müharibənin Azərbaycan turizminə təsiri bir neçə istiqamətdən özünü göstərir. Ən birinci və birbaşa zərbəni hava nəqliyyatı aldı.
İran və İsrailin hava məkanının bağlanması turist axınına dərhal təsir göstərdi həm bu iki ölkədən Azərbaycana gələn turistlərin, həm də Körfəz ölkələrindən gələn qonaqların rezervasiyaları dayandı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Ekspert Yaxın Şərqdə baş verən böhranın, eləcə də regiondakı gərginliyin yerli turizm sektoruna təsirlərini şərh edib:
“Naxçıvan insidentindən sonra Azərbaycanın cənub hava məkanını bağlaması Avropa-Asiya reyslərini daha dar dəhlizə sıxdı və aviaşirkətlərin marşrut planlamasında əlavə çətinliklər yaratdı. Otellərdə doluluq səviyyəsi aşağı düşdü. Xüsusilə paytaxtda xarici turistlərdən asılı olan hotellərdə son dövrlər boşluq açıq hiss olunur, rezervasiyalar kəskin şəkildə azalıb.
Bununla belə, vəziyyət tam böhran xarakteri daşımır. Hazırkı mərhələdə kütləvi və sistemli rezervasiya ləğvləri qeydə alınmır, daha çox fərdi hallarda tarixlərin dəyişdirilməsi və ‘gözləmə mövqeyi’ seçimi müşahidə olunur. Turistlər səfərləri tam ləğv etməkdənsə, vəziyyətin inkişafını izləyərək onları təxirə salmağa üstünlük verirlər”.
A. Nəsirli regional imic baxımından da problemlərin olduğunu vurğulayıb:
“Müharibə ABŞ-ın qlobal təhlükəsizlik əlaqələrini risk altına salır və xüsusilə müsəlman dünyasında onun imicinə mənfi təsir göstərir. Azərbaycan bu münaqişədə tərəf olmasa da, Yaxın Şərq geopolitik çərçivəsi daxilində düşünən xarici turistlər geniş bölgəni bir ‘risk zonası’ kimi qavrayır.
Müsbət tərəfdən isə qeyd etmək lazımdır ki, Azərbaycan daxilində təhlükəsizlik və ictimai sabitlik təmin olunduğu üçün turizm sektoru fəaliyyətini normal rejimdə davam etdirir. Uzunmüddətli perspektivdə isə münaqişə sonrası İranda siyasi dəyişiklik baş verərsə, Azərbaycan tranzit ölkə kimi daha böyük əhəmiyyət qazana bilər. Hər şey müharibənin nə qədər uzanacağından və bölgədə sabitliyin nə vaxt bərpa olunacağından asılıdır”.
Cəvahir













