“Suriya prezidenti Bəşər Əsəd 2 səbəbdən Türkiyə ilə danışıqlardan qaçdı. Birincisi, onun arxasında duran qüvvələrin Dəməşqə təşviqi böyükdür. İkincisi isə Suriya prezidenti 2011-ci ildən bəri Türkiyə ilə münasibətlərin pozulmasında Ankaranı günahkar bildiyinə görə əlindəki fürsətdən yararlanır. Yəni Bəşər Əsəd Türkiyə münasibətlərdə özünü “naza qoyur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi “Reuters” agentliyinin Dəməşq və Ankara administrasiyaları arasındakı diplomatik əlaqə cəhdlərinin iflasa uğraması ilə bağlı yaydığı informasiyanı şərh edib.
O. Qasımova görə, bu gün Suriya bölünmüş vəziyyətdədir və ölkənin yalnız bir hissəsinə Bəşər Əsədin qüvvələri nəzarət edir:
“Ölkənin 1/3-i PKK/PYD/YPG adlandırılan və ABŞ-nin dəstəklədiyi terrorçu qruplaşmalarının, digər bir hissəsi isə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətindədir. Əslində, Bəşər Əsəd Türkiyə qarşısında bir şərt qoyur ki, Ankara həmin müxalif qüvvələri dəstəkləməsin və oradan çəkilsin. Lakin Dəməşq administrasiyası nə həmin ərazidə yaşayan insanların təhlükəsizliyini təmin etmir, nə də Türkiyədə miqrant həyatı yaşayan 3 milyona yaxın suriyalı ilə bağlı ciddi bir öhdəlik öz üzərinə götürmür”.
“Digər tərəfdən, Bəşər Əsəd həmçinin Suriya ərazisindən Türkiyəyə təhdid təşkil edən silahlı qruplaşmalarla bağlı mübarizə məsələsində də ciddi bir öhdəlik və fəaliyyət göstərmir. Bu baxımdan, tərəflər arasında uzlaşmanın alınacağı kifayət qədər problematikdir. Məncə, bu məsələdə Bəşər Əsədə iki qüvvə – Rusiya və İran təsir edə bilər. Çünki hər 2 ölkə Əsəd rejimi üzərində kifayət qədər ciddi təsir imkanlarına malikdir. Məhz buna görə də Bəşər Əsəd bu məsələlərdə müstəqil qərarvermə imkanında olan tərəf deyil. O, daha çox himayədarlarından gələn təlimat əsasında hansısa bir addım ata bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, nüfuzlu “Reuters” agentliyinin məlumatına görə, Bəşər Əsəd Türkiyə ilə diplomatik əlaqələr qurmaq cəhdlərinin nəticə vermədiyini bəyan edib. Nəşr yazır ki, Dəməşq administrasiyası indiki mərhələdə Ankara ilə danışıqların yekun nəticəsindən narazıdır.
Rafi Müslümov
www.yenicag.az