Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attarın rəhbərlik etdiyi Türkiyə iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyətinə müxtəlif sektorlarda fəaliyyət göstərən 30-a yaxın iş adamı daxildir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətinə, Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlərə dair Türkiyə iş adamları üçün təqdimat keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
KOBİA-dan Yenicag.az-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə sahibkarlığın inkişafı, biznes imkanları, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes və investisiya qoyuluşu üçün potensial, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Qeyd edilib ki, belə səfərlər biznes dairələri arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlıqların qurulmasında əhəmiyyətlidir. KOBİA Türkiyə iş adamları ilə yerli KOB-lar arasında əlaqələrin qurulmasına, ortaq layihələrin və işbirliklərinin reallaşdırılmasına dəstək göstərməyə hazırdır.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar səfərin məqsədi, rəhbərlik etdiyi fondun ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün gördüyü işlər barədə məlumat verib.
Türkiyə iş adamları, həmçinin “Bakı KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə göstərilən xidmətlərlə tanış olublar.
www.yenicag.az