!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkləri Nargin cəhənnəmindən qurtaran dağlı balası - Tarixin tozlu səhifələri... - VİDEO

!Reklam – Yazi

Qəhrəmanlar heç vaxt ölmür… Gözümüzü açıb bu sözləri eşidərək böyüyürük. Mahiyyətinə varmadan.

İllər keçdikcə, yaşa dolub həqiqətləri saxtalıqlardan seçdikcə bu sözlərin altında yatan sirlər də öz dərin mənaları ilə bəlli olmağa başlayır. Qəhrəmanların ölüb, sonra da yaşaması kimi. Eynən Dağlı Ələsgər Məmmədov kimi.

Kimdir Ələsgər Məmmədov?

Videoda onun kim olduğunu nəticəsi Mehdiyeva Natəvanın sözləri ilə dinləyəcəksiniz. Amma onun haqqında bizim də iki cümləmizin uzaq tarixdən gəlib yaxın tarixi formalaşdıran cümlələr sırasında yer almasını istəyirik.

Dağlı Ələsgər Azərbaycan bəylərindən biri olub. Orta əsrlərin bir çox ağa-bəylərindən fərqli olaraq o zülm etmək yox, əksinə kimsəsiz və köməyə möhtac insanlara yardım etməklə yaddaşlara həkk olunub. Hətta Hacı Zeynalabdin Tağıyevin başçılıq etdiyi “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin üzvlərindən biri olub. Tağıyev ilə bərabər bir çox xeyriyyə işlərində aktiv iştirakçı və dəstəkçi olub.

Lakin Ələsgər Məmmədovu Azərbaycan tarixi üçün bu qədər önəmli edən sadəcə xeyriyyəçilik əməlləri deyil.

Birinci Dünya Müharibəsinin başladığı zamanlarda çar Rusiyasının işğalı altında olan Azərbaycan sevdalısı Ələsgər bəy bir müddət sonra etdiyi əməllərlə Azərbaycan qəhrəmanlıq tarixinə adını yazdırmağı bacaracaqdı.

1914-1915-ci illərdə Osmanlı ordusu hərbi əməliyyatlarda iştirak edir. O zamanlar əvvəlki Osmanlı gücündən əsər-əlamət qalmamış, ordunun döyüş və texniki hazırlığı yüksək səviyyədə təşkil edilməmişdi. Bütün bunların nəticəsi olaraq da, girdiyi bir çox əhəmiyyətli döyüşlərdə ard-arda məğlubiyyətlərə düçar olmuşdu. Bu döyüşlərdən biri-ən ağır nəticələr doğuranı isə “Sarıqamış” əməliyyatları idi. Osmanlı ordusu xeyli itki və əsirlər verərək döyüşdə məğlubiyyətlə barışmaq məcburiyyətində qalmışdı. Əsirlərin bir qismi çar ordusunun nəzarətində Azərbaycan sərhədləri daxilində yerləşən Nargin adasına sürgün edilmişdi.

Adada əsirlər üçün normal şərait yox idi. Əsirlərin çoxu baxımsızlıq və pis şərait səbəbilə həlak olmuşdu. Bu sırada mövcud vəziyyət Azərbaycan ziyalılarını, o cümlədən Dağlı Ələsgəri, Əjdər bəyi, Sona xanımı və onlarla digər yurddaşlarımızı narahat edir, ağrıdırdı. Onlar qardaş soydan, eyni dildən olan əsirlərin heç olmasa bir hissəsinin azadlığı uğrunda mübarizəyə başlayırlar.

Görüşlərin birində əsirlərin bir qismini qaçırmaq barədə ortaq qərar qəbul edilir. Bunun üçün əvvəlcədən plan hazırlanır. Hər həftə əsirlərə ərzaq, paltar kimi yardımlar aparan Sona xanım və dostları, o cümlədən Dağlı Ələsgər, düşərgənin komendantı, rus ordusunun zabiti polkovnik Poltaratskinin də yardımı ilə 8 nəfər əsiri qaçırmağa nail olur. Daha sonra yüzə yaxın türk əsgəri bu yolla əsirlikdən xilas olunur.

Rus ordusunun zabitləri Qusakov, Rudenko, erməni Akopovun cəhdləri heç bir işə yaramır. Onlar dəfələrlə Ələsgər bəy və silahdaşlarını yolundan döndərməyə, türk qardaşlarını acı taleləri ilə baş-başa buraxmağa sövq edirlər. Daha sonra onlara təzyiqlər edilməyə və bu yolla onları tutduqları amaldan çəkindirməyə cəhdlər göstərilir. Lakin bu da faydasız olur.

Sonda bu işdə günahkar bilinərək iki dostu ilə birgə Ələsgər bəy həbs edilir. Ona dəfələrlə işgəncə və digər cəzalar verilsə də, heç bir şey demir. Nəticədə, onları günahlandırmaq üçün əlində kifayət qədər sübutu olmayan rus zabitləri tərəfindən gizlincə öldürülür.

Ancaq bu, hər şeyin sonu deyil. Onun silahdaşları bu mübarizədən dönmür. Nəhayət, böyük bir amal uğrunda çarpışan və elə həmin amal uğrunda da həyatını itirib şəhidlik zirvəsinə ucalan Dağlı Ələsgərin arzusu həyata keçir. Əsirlərin müəyyən qismini azad etmək mümkün olur. Daha sonra isə həmin əsgərlər mühüm tarixi qələbələrin təminatçısı olur. Türk ordusu qələbə qazanır!

Ən önəmli fakt isə ondan ibarətdir ki, bakılıların əsirlikdən qaçırıb İstanbula göndərdikləri həmin əsgər və zabitlər üç il sonra 1918-ci ilin sentyabrında Bakını ruslardan xilas etmək üçün Nuri Paşanın ordusunda geri qayıdırlar!

Bax, budur tarix! Budur qələbə! Budur qardaşlıq!

Həşim Səhrablı

COP29

www.yenicag.az

5771
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv