“Azərkosmos” ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənəcəyini bildirib.
Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.
Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi “Space Systems Loral” şirkətidir.
“Azerspace-2/Intelsat-38” peyki rəqəmsal teleradio yayımı xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.
Maraqlıdır, dördüncü peykin buraxılmasının operatorların, televiziya kanallarının, internetin qiymətinə təsiri olacaqmı? Bu, Azərbaycana nə qazandıra bilər?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz orbitə dördüncü peykin buraxılmasının daha çox müştəri bazarına xidmət edəcəyini deyib. Onun sözlərinə görə, əvvəlki peyklərin etibarlığını, dayanıqlığını gücləndirmək üçün növbəti peykin buraxılmasına ehtiyac var:
“Düşünmürəm ki, ciddi dəyişikliklər baş versin. Növbəti peyklərin buraxılmasını diqtə edən əvvəlki peyklərdir. Çünki müştərilər adətən, etibarlı sistem üzərində xidmət qurulmasını istəyir. Peykdən xidmət alan müştəri sabah hansısa problemin yaranmaması üçün ölkənin orbitə bir çox peyk buraxmasını arzulayar. Əks halda, yaranan problemlər müştərilərin əldən çıxmasına səbəb olar. Fikrimcə, növbəti peykin buraxılması müştəri bazarının artmasına, dayanıqlığa və etibarlığa imkan yaradacaq. Bu səbəbdən böyük güzəştli şərtlərdən söhbət gedəcəyinə inanmıram”.
Daha sonra Osman Gündüz növbəti peykin səmaya buraxılmasının “Azərbaycana nə qazandıra bilər” sualına da aydınlıq gətirib:
“İlk peykimiz orbitə buraxılan zaman da bu sualla bağlı bəzi araşdırmalar aparmışdım. Dünya təcrübəsinə əsaslanaraq, kiçik ölkələrin digər dövlətlərlə birgə layihələr hazırladığının, müştərək işlər gördüyünün şahidi oldum. Belə layihələr kifayət qədər riskli və məhdud zamana söykənir. Yəni hər bir peykin 10, 15, 17 illik zamanı var. Bu vaxt ərzində həmin layihəyə qoyulan vəsait çıxarılmalıdır. Telekommunikasiya sahəsində bazarların tutulmasını nəzərə alsaq, xırda ölkələrin belə layihələrə imza atması biznes baxımından böyük risklərin yaranmasına gətirib çıxarır. Məhz bu risklərin yaranmaması üçün digər ölkələrlə müştərək işlərin aparılması daha məqsədyönümlüdür. Həmçinin, onu da qeyd etmək lazımdır ki, ölkənin imicinin formalaşmasında, dünya ölkələri arasında nüfuzun artmasında həmin layihələrin böyük rolu var”.
Bundan əvvəl buraxılan üç peykin əhəmiyyətindən də danışan Azərbaycan İnternet Forumunun prezidenti qeyd edib ki, Azərbaycanın dünya ölkələri arasında telekommunikasiya sahəsində tanınması yönümündə peyklərin xüsusi rolu var:
“Azərbaycan bu sahəyə müəyyən qədər vəsait ayırır. Lakin yatırılan vəsait hələ tam olaraq çıxarılmayıb. Peyklərə qoyulan vaxt da artıq azalmaq üzrədir. Düşünürəm ki, Azərbaycanın mövqeyinin möhkəmlənməsində, beynəlxalq arenada tanınmasında həmin peyklər rol oynayıb. Bu faktı danmaq olmaz. Həmçinin, bu cür layihələrin həyata keçirilməsi kadrların yetişdirilməsində də öz sözünü deyir. “Azərkosmos”un binasında olan zaman da orada yerli kadrların fəaliyyət göstərdiyini gördüm. Bu, çox qürurverici və sevindirici bir haldır. Şübhəsiz ki, həmin şəxslər gələcəkdə dünya səviyyəsində tanınan kadrlar olacaq”.
Elvin Paşazadə
www.yenicag.az