“Tramp Ukraynanı “keçi qiyməti”nə satır”.
Bu sözləri ABŞ ilə Rusiya nümayəndə heyətinin görüşü və Ukrayna tərəfinin atmalı olduğu addımları Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, Ukrayna mübarizəyə davam etməlidir:
“Tramp Ukraynanı “keçi qiyməti”nə satır. Bunun günahı Ukraynanın hakim sinfindədir. Çünki onlar Ukraynanı özgə atına mindiriblər. Özgə atına minən də tez düşər. Rusiya tərəfi tələb edəcək ki, Ukrayna öz torpaqlarından imtina etsin, NATO-ya girməsin, ordusu məhdud sayda olsun, neytral statusda olmalıdır. Ukraynanın isə haqqıdır ki, buna yox desin”.
“Ukrayna onsuzda yağı düşmənlə müharibə aparır. Ona görə də onlar hazır olmalıdırlar ki, yox desinlər. Bu zaman Kiyev Avropa dövlətləri ilə danışmalı və onlar Ukraynaya dəstək verməlidirlər. Avropanın gücü var və ukraynalılar öz hərbi sənayesini sürətlə inkişaf etdirməli, mübarizə aparmalıdırlar. Ağır sınaqdır, ancaq vətən naminə itkilərə, çətinliyə dözmək lazımdır. Tramp isə başdanxarabdır. Ona deyəndə ki, bu qanunlar uyğun deyil, deyir, gücüm var, edirəm. Bu gedişlə Tramp 4 il prezident ola bilməyəcək”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd
www.yenicag.az