Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən 23 il ötür.
Cəmiyyətin maraq və mənafeyinə uyğun siyasət yeritməyən, yaxud platformasının səmərəliliyini inandırıcı dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin ictimai inam qazanması və tarixdə iz buraxması mümkün olmur.
Bu gün-sentyabrın 26-da yaranmasının 23-cü ildönümü tamam olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması da onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. VHP Azərbaycan Milli Azadlıq Hərəkatının dalğasında yaranıb. Azərbaycan dövlətçiliyinin ağır anlarında, dövlətimizin və millətimizin parçalanma planları ilə üz-üzə qaldığı bir zamanda vətəndaş həmrəyliyi ideyası bir nicat yolu olaraq elan edildi. Hazırda bütün siyasi qüvvələr bölgədə baş verən prosesləri nəzərə alaraq ölkənin nicatının vətəndaş həmrəyliyində olduğunu vurğulayırlar.
Bu, VHP-nin ideologiyasının nə qədər vacib və strateji baxımdan əhəmiyyətli olmasının göstəricisidir. Əgər bu gün Azərbaycanda vətəndaş həmrəyliyi siyasi leksikonda varsa, bu məhz VHP-nin sayəsində mümkün olub. VHP 23 illik siyasi fəaliyyətində tədrici inkişafın, siyasi mübarizənin sivil qaydada aparılmasının tərəfdarı kimi çıxış edib.
Partiyanın 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatırında təsis qurultayı keçirilərkən irəli sürdüyü “Nicatımız Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühatində ana xətt kimi öz əhəmiyyətini saxlamaqdadır. O zaman VHP tərəfindən Azərbaycan cəmiyyətinə gətirilən “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” kimi ideoloji prinsiplər aradan illər keçəndən sonra genişlənərək böyük ictimai gücə çevrilmişdir. Çünki VHP heç bir siyasi şəraitdə öz siyasi xəttindən yayınmamış, əqidə və məslək yolundan dönməmişdir. Tarix regionda baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün ideologiya olduğunu dəfələrlə sübut etmişdir. Bu gün Azərbaycanın bütün siyasi qüvvələri, hansı düşərgəyə məxsus olmasından asılı olmayaraq, dövlətçiliyimizin xilasının məhz vətəndaş həmrəyliyindən keçdiyini etiraf etməkdədirlər.
Bu, VHP-nin zamanı nə qədər qabaqladığını, öz strateji məqsədlərində hədəfə nə qədər yaxın olmasının göstəricisi sayıla bilər. VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda partiyanın respublikanın 80 rayonunda yerli rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Partiyanın 26 min civarında üzvü var. Vətəndaş həmrəyliyini özünə əsas ideologiya seçən VHP-nin sıralarında 21 xalqın nümayəndəsi birləşib. Partiyanın əlaqələri ölkə sərhədlərini aşıb. VHP Avropa, Türkiyə və Asiyanın bir çox partiyaları ilə əməkdaşlıq edir. VHP 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak edib, bütün çağırışlarda Milli Məclisdə təmsil olunub; hazırda Məclisdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 100-ə yaxın bələdiyyə üzvü var. 2003-cü ildə partiyanın sədri Sabir Rüstəmxanlı Azərbaycan Respublikası Prezidentliyinə namizədlərdən biri olub.
Hazırda 73 VHP üzvü parlament seçkilərində iştiraka hazırlaşır. Partiya bu seçkilərdə də uğurlu nəticələr əldə etməyə iddialıdır.
Bu gün respublikamızın siyasi mənzərəsini VHP-siz təsəvvür etmək mümkün deyil.
www.yenicag.az