Vüqar İsgəndərov: "Paşinyanın əsas məqsədi Putinlə razılaşmaqdır"
“Onun əsas məqsədi Vladimir Putinlə görüşərək müəyyən razılaşmalar əldə etməkdir”
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
O, seçkilər ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfəri və həmkarı Vladimir Putinlə görüşü barədə fikirlərini bölüşüb.
Deputat bildirib ki, Ermənistanda seçki marafonu yaxınlaşdıqca siyasi proseslər daha da qızışır və rəqiblər arasındakı qarşıdurma artıq təhqir müstəvisinə keçib:
“Keçmiş prezident, cəllad Robert Köçəryan Nikol Paşinyanı sərt şəkildə hədəf alıb, Paşinyan isə ona adekvat cavab verib. Digər namizədlər və iddiaçılar da rəqabətə qoşulublar. Bu vəziyyət Paşinyan üçün daha mürəkkəb və gərgin bir siyasi atmosfer yaradıb.
Paşinyanın əsas hədəfi parlamentdə təkbaşına çoxluq qazanmaq və hökuməti müstəqil şəkildə formalaşdırmaqdır. Lakin bu yolda ciddi maneələr var ki, onlardan ən mühümü Rusiya faktorudur. Paşinyanın Rusiya ilə münasibətləri müəyyən qədər tənzimləməyə çalışacağı gözləniləndir. Bu məqsədlə o, Moskvaya daha ‘yumşaq’ mesajlar ötürür, eyni zamanda Rusiyanı Ermənistan üçün yaxın dost dövlət kimi təqdim edir.
Hətta ehtimal olunur ki, Paşinyan 9 May Qələbə Günü münasibətilə Rusiyada keçiriləcək tədbirlərə qatıla bilər. Onun əsas məqsədi Vladimir Putinlə görüşərək müəyyən razılaşmalar əldə etmək və Rusiyanın Ermənistandakı seçki prosesinə müdaxiləsini minimuma endirməkdir.
Çünki Rusiyanın Ermənistanda kifayət qədər ciddi təsir rıçaqları var. Bura iqtisadi əlaqələr, enerji asılılığı və ölkədə yerləşən 102-ci hərbi baza daxildir. Bu amillər seçki nəticələrinə dolayısı ilə təsir edə bilər. Hətta iqtisadi təzyiq vasitələri ilə ölkədəki sosial durumu sarsıtmaq mümkündür ki, bu da seçki öncəsi Paşinyan üçün ən arzuolunmaz ssenaridir.
Qısacası, Paşinyanın Rusiyaya planlaşdırılan səfərində əsas qayəsi Moskva ilə əlaqələri sabitləşdirmək və Ermənistanın gələcək kursunun Rusiya ilə əməkdaşlıq çərçivəsində davam edəcəyini nümayiş etdirməkdir. Hadisələrin sonrakı axarını isə yaxın zaman göstərəcək”, – deyə o qeyd edib.
Nəsimi Ələsgərli













