Xalq artisti: “Efirdə min oyundan çıxır, görəndə əsəbiləşirəm”

Tanınmış diktor, xalq artisti Sabir Ələsgərov şou verilişlərini tənqid atəşinə tutub.

Yenicag.az-a açıqlama verən ekspert fikirlərini sərt formada ifadə edib:

“Baxırsan efirə, bilmirsən, qonaq kimdir, aparıcı kim. Müğənni oxuyan kimi aparıcı ortalığa düşüb oynayır, təlxəklik edir. Gah yerdə bardaş qurub oturur, gah şpaqat açır. Reytinq xatirinə min oyundan çıxırlar. Baxanda əsəbiləşirəm. Buna görə də dəvət edirlər, heç o verilişlərə də getmirəm. Bilirəm ki, dəxilsiz, gic-gic suallar verəcəklər. İllərlə qazandığım hörməti yerə vura bilmərəm axı”.

Xalq artisti müğənni, aktrisa və digər peşə sahiblərinin aparıcılıq etməsinin əleyhinə olduğunu bildirib:

“Hər kəs öz işi ilə məşğul olmalıdır. Aparıcı peşəkarlardan öyrənib, məktəb keçib, efirə çıxmalıdır. Baxırsan, heç dəvət etdiyi qonağın kimliyini bilmir. Mən eyni zamanda MTRŞ-da ekspert kimi fəaliyyət göstərirəm. Nuşirəvan Məhərrəmli də mənə həmişə deyir ki, təcrübəli diktor kimi iradlarımı bildirim, efirə nəzarət edim. Aparıcı hazırlıqlı, məlumatlı, savadlı olmalıdır. Bilməlidir ki, dəvət etdiyi qonağa hansı sualları verməlidir. Təəssüf ki, bizim aparıcıların əksəriyyəti bu kriteriyalardan uzaqdır”.

Cəvahir