Xarici borclar artmasaydı neftin bahalaşmasının müsbət nəticələrini görə bilərdik – Ekspert – Yenicag.Az

Reklam

Reklam

“Azərbaycanda neftdən asılılığın həcmi həddən artıq yüksək olduğundan “qara qızıl”ın qiymətinin artması son nəticədə ölkə həyatında ciddi müsbət dəyişikliklərə səbəb olmadı. Həmçinin artıq xarici borcların ödənilməsi üçün daha çox vəsait xərclənməyə başlanıb ki, bu da neftin bahalaşmasına rəğmən, hələlik ölkə iqtisadiyyatı və sosial həyatında müsbət nəticələr vermir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında neftin qiymətinin bahalaşmasına baxmayaraq, Azərbaycanda nə üçün hələ də onun müsbət nəticələrinin gözə çarpmadığına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Azərbaycanda neftdən asılı iqtisadi modelin olduğu artıq heç kimə sirr deyil. Neft qiymətləri Azərbaycan iqtisadiyyatında mühüm rol oynamaqda davam edir. Cari ildə neftin qiymətinin daha da yüksəlməsi bəzi makroiqtisadi göstəricilərin yaxşılaşmasına səbəb oldu. 2015-2016-cı illərdə ölkədə ümumi daxili məhsulun kəskin daralması və azalmasını müşahidə etdik. Həmin dövrdə MDB məkanında ən pis nəticələr Azərbaycanda qeydə alınıb. Ancaq ötən ilin sonlarından başlayaraq iqtisadi göstəricilərdə müəyyən pozitiv dəyişikliklər oldu. Lakin bu da sırf neftlə, onun qiymətinin bahalaşması ilə bağlı idi. Büdcədə də dəyişikliklər oldu. Son büdcə dəyişikliyilə neftin bir barelinin qiyməti 55 dollardan hesablandı. Nəticədə müəyyən dərəcədə büdcənin xərc hissəsi də artdı.

Amma ölkədə neftdən asılılıq həddən artıq yüksəkdir. Həmçinin 2011-2012-ci ilin pik nöqtələrilə müqayisədə ölkəmizdə neft hasilatının enməsi də baş verdi. Həmin ərəfədə Azərbaycanda gündəlik neft hasilatı 1 milyon barel idisə, indi 750-780 min barel arasındadır. Deməli, 250 min barellik azalma var. Neft qiymətinin artması isə bu azalmanı o qədər də ciddi şəkildə kompensasiya edə bilmir. Azərbaycanın dövlət xərcləri də yüksək olduğundan, alınmış kreditlərin qaytarılmasına hər il əvvəlki illə müqayisədə daha çox xərclənmələr baş verdiyindən sosial layihələrə, maaş və təqaüdlərin artırılmasına böyük vəsaitlər sərf olunmur. Bu il ölkə tarixində ilk dəfə idi ki, büdcənin 12 faizdən çoxu məhz xarici borcların qaytarılmasına yönəldilir. Həmin xarici borclar olmasaydı, bu vəsaiti sosial layihələrə yönəltmək olardı. Təəssüf ki, getdikcə xarici borcun ödənilməsinə daha çox vəsait xərclənəcək. Bu da neftin qiymətinin artmasına baxmayaraq, Azərbaycanda sosial sahələrdə yaxşılaşmanı ləngidən əsas amilə çevriləcək. Yəni, neftdən asılılığı azaltmaq əvəzinə, onun bahalaşması hesabına müəyyən makroiqtisadi göstəriciləri yaxşılaşdırmaqdansa, “qara qızıl”dan asılılığı azaldaraq, ölkədə əhalinin rifah halının yüksəldilməsi istiqamətində addımlar atılması daha düzgün olardı. Amma təəssüf ki, bu proses olduqca ləng gedir. Nəticədə sosial layihələrə ayrılan vəsaitin həcmi gözləntiləri doğrultmur”.

Qeyd edək ki, 2014-2016-cı illərdə böhran zamanı neftin qiyməti Azərbaycan büdcəsində 40 dollardan götürüldü. İndi isə neftin qiyməti bahalaşaraq 70 dollardan daha yüksəkdir. Büdcədə də neftin bir barelinin qiyməti 55 dollardan götürülüb. Amma neftin qiymətinin bahalaşması ilə daha çox valyuta gəlməsinə rəğmən, hələ də ölkədə ciddi müsbət nəticələr yoxdur.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1281
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."