Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 18V-də 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Yenicag.az xəbər verir ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş binanın qarşısında kanalizasiya xətti çəkilən əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 85 mm-lik top mərmisi (O-365) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az