21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Yenicag.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də bu gün cari tsikldə 8-ci matçına çıxıb.
Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda İsraillə üz-üzə gəlib. “Dalğa Arena”da keçiriləcək oyunda millimiz ilk qələbəsini qazanmağı hədəfləmişdi.
Əvvəlki 7 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 1 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşmişdi. Seçmə mərhələnin ilk turu çərçivəsində səfərdə qarşılaşdığımız İsraillə oyunda isə 1:3 hesablı məğlubiyyətə üzülmüşdük. Bu üzdən komandamız həm həmin məğlubiyyətin qisasını almaq, həm də ilk 3 xalını qazanmaq arzusundaydı.
Qarşılaşmada hesabı məhz millimiz açıb. Matç başlayan kimi irəli atılan futbolçularımız artıq 35-ci saniyədəcə önə keçməyə nail olublar. Amma fasilə ərəfəsində israilli gənclər bərabərlik qolunu vurublar. Matçın sonlarında yığmamız yenidən bu görüşdə hesabda önə keçmək şansı qazanıb. Amma Fəhmin Muradbəylinin qazandığı penaltini Ziya Əzizov boşa verib. Onun zərbəsini rəqib qapıçı dəf etməyi bacarıb. Beləcə, U-21 millimiz 8-ci cəhdində də qələbə həsrətinə son qoya bilməyib və ikinci heç-heçə ilə təsəlli tapıb.
Xallarının sayını 2-yə çatdıran U-21 millimiz yenə sonuncu pillədə qərarlaşıb.
AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
6 sentyabr
Azərbaycan – İsrail 1:1
Qol: R.Dadaşov, 1 – Ş.Vayssman, 30.
Matçın 86-cı dəqiqəsində Ziya Əzizov penaltidən yararlana bilməyib – qapıçı
Hakimlər: Trustin Farruciya Can, Alan Kamilyeri, Luk Portelli, Malkolm Spiteri.
Bakı. “Dalğa Arena”.
www.yenicag.az