Zelenski, yoxsa Tramp? Ukrayna sülhünə görə "Nobel"i kim alacaq?

media-hightechnic-468x90

“Əgər Zelenski Nobel Sülh Mükafatını alsa, Putinin də mükafatlandırılması gündəmə gələ bilər”

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

media-abutalib6

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin və Ukrayna xalqının 2026-cı il üçün Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı yayılan xəbərlər barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, Zelenskinin Nobel Sülh Mükafatına layiq görülməsi ehtimalı olduqca aşağıdır.

“Adətən dövlətlər arasında sülh imzalandıqda, bu prosesdə iştirak edən hər iki tərəfin liderlərinin mükafatlandırılması halları mövcuddur. Məsələn, yaxın dövrdə ərəb dünyasında ‘Nobel’ səviyyəsində qiymətləndirilən sülh mükafatının İlham Əliyev və Nikol Paşinyana verilməsi buna nümunə kimi göstərilə bilər. Hər iki tərəfin sülhün əldə olunmasındakı rolu bu şəkildə qiymətləndirilib.

Bu kontekstdə sual yaranır, Zelenski ilə yanaşı Rusiya Prezidenti Vladimir Putinə də sülh mükafatı verilə bilərmi? Mənim fikrimcə, bu, real görünmür.

Digər tərəfdən, Tramp hesab edir ki, sülhün qarşısındakı əsas maneə Zelenskidir və sülh sazişinin imzalanmasına Putindən daha çox o əngəl yaradır. Bu baxımdan Trampın mövqeyi müəyyən mənada aydın görünür.

Bununla belə sülhə nail olmaq üçün həlledici addımı ata biləcək əsas fiqur ABŞ prezidentidir. Sülh sazişinin imzalanması üçün ilk növbədə Zelenskinin müəyyən güzəştlərə getməsi tələb oluna bilər və buna təsir göstərmək gücündə olan əsas aktor da məhz ABŞ-dır. Zelenskinin özünün də qeyd etdiyi kimi, bu istiqamətdə cəhdlər uzun müddətdir davam edir.

Eyni zamanda, Putini də müəyyən kompromislərə sövq edə biləcək əsas siyasi fiqurlardan biri Trampdır. Bu baxımdan, əgər münaqişənin həllində məhz vasitəçi və təzyiq mexanizmlərini işə salan tərəf həlledici rol oynayarsa belə bir şəxsin sülh mükafatı alması daha məntiqli görünə bilər.

Qısacası, əgər Ukrayna müharibəsinin yekunlarına görə Nobel Sülh Mükafatı təqdim olunarsa, bu mükafatın Trampa verilməsi ehtimalı daha real görünə bilər. Zelenskinin təkbaşına bu mükafata layiq görülməsi isə inandırıcı deyil. Əgər belə bir qərar qəbul olunarsa Putinin də mükafatlandırılması məsələsi gündəmə gələ bilər. Bu da tarixin ən mübahisəli qərarlarından biri kimi qiymətləndiriləcək. Belə bir addımın həm bu gün, həm də gələcəkdə geniş müzakirələrə səbəb olacağı şübhəsizdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05